“İddiaçılar Turnirində iştirakdan imtina etməmişəm” - Teymur Rəcəbov
- 03 Fev 2021 18:14
- 921
Azərbaycan şahmatçısı Teymur Rəcəbov federasiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.
Rekord.az həmin müsahibəni təqdim edir:
- Öncə “Airthings Masters” onlayn turnirində qələbəniz barədə danışaq. Yəqin ki, final görüşü daha çətin alındı...
- Əlbəttə. Adətən, turnirdə ən yaxşı formaya malik, inamlı mübarizə göstərən və ən yaxşı nəticə əldə edən iştirakçılar finala vəsiqə qazanırlar.
- Bu turnirdə siz bir qədər emosional göründünüz. Adətən Teymur Rəcəbovu belə izləməzdik...
- Yaşımız artır (gülür). Əslində çox böyük fiziki və emosional gərginlik yaşadım. Ümumilikdə 9 gün ərzində 35 partiya oynadım. Fərqli reqlament olmasına baxmayaraq, bəzən klassik oyun sərgiləməkdən qat-qat çox güc istifadə olunur. Gün ərzində tay-breykləri nəzərə almadan dörd partiya oynanılırdı. Belə çətin yarışın finalında qələbə qazandıqdan sonra neçə gündür hiss etdiyin bütün bu gərginlik səni tərk edir. Sevinc göz yaşlarını gizlətmək çətin olur. Əvvəllər emosiyalarımı idarə edirdim. Amma burada alınmadı.
- Qələbədən dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva sizi təbrik etdi...
- Sənin çıxışını Vətənində birinci şəxslər qiymətləndirirlərsə, bu, inanılmaz dərəcədə xoş və şərəflidir. Bu, artıq ikinci təbrikdir (İlk təbrik 2019-cu il Dünya Kubokunda qələbə qazandıqdan sonra olub - red.). Bu anda yüksək mənəvi yüksəliş və ölkəm üçün faydalı olmaq arzusu yaşadım.
- Qarşıda hansı yarışlarda iştirak edəcəksiniz?
- Fevral, mart və mayda dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun növbəti mərhələlərində iştirak edəcəyim gözlənilir. Sonra ilin sonuna qədər yarışlar var. Avropa və dünyada epidemioloji vəziyyətdən asılı olaraq, bəzi turnirlərin təxirə salınması və ya ləğvi istisna olunmur.
- Pandemiyaya görə Yekaterinburqda keçirilən İddiaçılar Turnirində iştirakdan imtina etdiniz. Yarış ilk dövrədən sonra dayandırıldı. İddiaçılar Turnirində iştirakçıların sırasına bərpa olunacağınız gözlənilirmi?
- Məsələ burasındadır ki, İddiaçılar Turnirində iştirakdan imtina etməmişəm. Yalnız FIDE-yə bu turniri təxirə salmaları xahişi ilə məktub göndərdim, çünki pandemiya zamanı iştirakçıların məhdudiyyətlərə görə tam gücləri ilə oynaya bilməyəcəklərini düşünürdüm. Turdan əvvəl testin verilməsi, hərarətin ölçülməsi, oteldən çıxmağa qadağanın qoyulması təsirsiz ötüşmür. Şahmatçılardan biri xəstələnsə, nə ediləcəyi bəlli deyildi və s. İddiaçılar Turniri artmaqda olan pandemiya vaxtı 22 gün müddətində keçirilməli idi. Maska geyinməklə demək olar xəstəxana şəraitində şahmat oynamağın psixoloji baxımdan çətin olacağını düşünürdüm. Yeri gəlmişkən, bu turnir martın 15-də başlandı və sona çatdırılmadı. Ümid edirəm ki, FIDE məni dünya çempionu adı uğrunda mübarizədə mühüm yarış hesab edilən İddiaçılar Turnirindən kənarda qoymamaq üçün məqbul bir həll tapacaq.