Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası 22 iyul Milli Mətbuat Günü ilə əlaqədar tədbir təşkil edib.

Rekord.az xəbər verir ki, tanınmış idman mediası nümayəndələrinin dəvət aldığı tədbir əsasən əyləncə xarakteri daşıyıb.

Hər zaman avarçəkənlərin yürüşünü kənardan izləyən jurnalistlər bu dəfə özləri avarçəkmədə məharətlərini göstəriblər. 

İdman jurnalistləri üçün verilən ziyafətlə davam edən tədbirin sonunda media nümayəndələrinə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının atributlarını əks etdirən hədiyyələr təqdim edilib. 

Qeyd edək ki, ölkəmizdə Milli Mətbuatın təməli 1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin ilk nəşri ilə qoyulub. Azərbaycan dilində nəşr edilən “Əkinçi” qəzetinin naşiri, redaktoru, həmçinin korrektoru milli maarifçilik hərəkatının banilərindən olan təbiətşünas-alim Həsən bəy Zərdabi olub. Onunla yanaşı Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və başqa ziyalıların qəzetin ərsəyə gəlməsində böyük xidmətləri olub.