İdman prinsiplərinin qorunması niyə vacibdi?
- 17 Apr 2024 17:48
- 483
Əslində bu sual normal futbol ölkələrində, peşəkar ortamda müzakirə mövzusu belə olmur. Amma bizdə bu haqda az qala hər iki gündən bir, gündə 3 dəfə yeməkdən əvvəl və sonra danışılır. Çünki əvvəla bekarıq, ikincisi də ki qeyri-peşəkarıq. Həm qeyri-peşəkarıq, həm bunu anlamırıq, anlamaq istəmirik. Danışırıq, üstəlik, təzə, maraqlı söhbətlər fikirləşib, özümüzü aldadırıq. Məsələn, “Qəbələ”nin bu boyda infrastrukturu var”. Futbol tarixində hələ qol vuran akademiya binası olmayıb. Heç başqa binalar da qol vurmur. Başlıqdakı sualın cavabı isə işin əlifbasıdı. Yenə kiçik bir yazı ilə də olsa, əlifbanı izah eləməyə məcburuq.
Biz nə istəyirik? İstəyirik, yaxşı çempionatımız olsun, yaxşı milli komandamız olsun. İkinci birincidən birbaşa asılıdı. Heç “Milli komandanın uzun illərdi uğursuz qalmasının səbəblərindən biri də məhz rəqabətsiz daxili çempionat(lar) ola bilərmi” sualı ətrafında düşünmüsüzmü?
Bir çempionatın səviyyəsi, gücü nə ilə ölçülür? İlk növbədə rəqabət səviyyəsi ilə. Rəqabət yoxdusa, komandalar hər oyun meydana xal və ya xallar üçün çıxmırsa, o çempionat peşəkar yox, məhəllə çempionatıdı. Heç məhəllə çempionatında da elə olmur, ortada intriqa olur. Rəqabəti, məqsədi, məramı olmayan, yoldaşlıq görüşü statusundan o tərəfə keçməyən oyunlara isə heç kim baxmaq istəmir, düz də edir. Azarkeşlərin tribunalara gəlməməsinin səbəblərindən biri, bəlkə də birincisi məhz budu.
Dəyişilməz, əbədi və əzəli çempionumuz “Qarabağ” ötən iki mövsümdə toplam 3 məğlubiyyət yaşamışdı, bu mövsüm artıq 4-də meydanı başıaşağı tərk edib. Səbəbi haqda heç düşünmüsüz? Mən deyim: idman prinsipi. Komanda sayı az, səviyyələri aşağı-yuxarı eyni olduğundan avrokubok zonası ilə elitadan düşmə zolağı arasındakı məsafə çox kiçikdi və hamı üçün 1 xal belə böyük əhəmiyyət daşıyır. Ona görə də hər kəs hətta “Qarabağ”la matça belə “bəlkə bir xal qopartdım” deyib çıxır. Rəqəmə baxın: elitada yerini qorumağa çalışan və bu işin öhdəsindən demək olar ki gələn “Kəpəz” aktivindəki 31 xaldan 10-nu hazırda turnir cədvəlinin ilk 4 pilləsində, yəni avrokubok zonasında olan “Qarabağ”, “Neftçi”, “Zirə” və “Sumqayıt”dan alıb. Bu xallar olmasaydı, indi durum tamam fərqliydi və biz məhz elitadan düşməmək üçün çabalayan, hər cür çətinliyə dözən, yeri-yurdu olmayan, faktiki yollarda yaşayan “Kəpəz”i izləyə bilməz, gözümüzün önündə yenidən böyüməyə başlayan Gəncə əfsanəsinə şahidlik edə bilməzdik. Əvəzində son 1 ildə ciddi səhvlərə yol verən, əvvəlkiləri qoruya bilməyib az qala yoldankeçən deyə biləcəyimiz legionerləri heyətə dolduraraq işini bitmiş sayan “Qəbələ”nin haqlı enişini görürük. Hər şey ədalətlidi.
Hər kəsin dilində “Qarabağ”ın 8 tur öncədən çempion olmağı yaxşı deyil, çempionatımızın səviyyəsi yüksəlməlidi” cümləsi var. Düz deyirsiz, amma bunu necə etməliyik, nədən başlamalıyıq? Təcrübə göstərir ki, bu iş pulla həll olunmur. Məsələn, bu mövsüm ağdamlılardan da çox büdcəsi olan “Neftçi” məhz yarıtmaz idarəetmə, yarımfabrikat legionerlərin transferi, yol verilən ardıcıl digər səhvlər nəticəsində uğursuzluğa düçar olub, əsas rəqibindən düz 25 xal (!) geridədi. Daha bir, ya iki “Neftçi” də gəlsə, durum dəyişməyəcək. “Qarabağ”ı taxtından yalnız toplu güc endirə bilər. Komandaların gücü artdıqca “Qarabağ” da xal və xallar itirəcək, ən yaxın izləyicilərinə ona çatma imkanı verəcək. Bu isə yalnız və yalnız çempionatın səviyyəsinin, ən əsası rəqabətliliyinin nəticəsində mümkün ola bilər. Bunun üçün isə zəiflər getməli, yerini başqaları tutmalı, belə demək olarsa, qan təzələnməlidi.
“Qəbələ”yə yaxşı yol diləmək lazımdı. Bu klubu hamımız sevirik. Yaxşı, Azərbaycan futbolunu həqiqətən sevən, onun inkişafı üçün böyük xidmətlər göstərmiş insanların işlədiyi “Qəbələ”ni hamımız sevirik. Ancaq vaxtıdı. Ardıcıl iki Avropa Liqası qrupu, uzun illər çempionluq mübarizəsi böyük güc aldı klubdan. İndi həmin gücün yerini doldurmağa nə maliyyə var, nə də resurs. Klubun heç olmasa 1 mövsüm istirahətə, nəfəs dərməyə, “perezaqruzka”ya ehtiyacı var. I Liqa “Qəbələ”ni daha da böyüdə, yeniyetmə gəncdən formalaşmış bir şəxsə çevirə bilər. Bunu bir sınaq, imtahan kimi qəbul etmək, indidən gələn mövsümün sonunda qayıtmağın planlarını cızmaq lazımdı.
AFFA isə sözünün üstündə dursun. Deyilibsə, idman prinsipi qorunacaq, aşağıdan lap 33 komanda gəlsə belə, bu prinsip qorunmalıdı. Ölkə insanı futbol qurumunun söz etibarlılığını məhz belə məqamlarda yoxlayır.
Kənan Məstəliyev