Koronavirus pandemiyası ucbatından idman mediası da ofsayt vəziyyətinə düşüb. Dünyada və Azərbaycanda bütün yarışlar təxirə salınıb, yayda keçiriləcək futbol üzrə Avropa çempionatı 2021-ci ilə keçirilib, Çempionlar Liqası və Avropa Liqası yarımçıq dayanıb, əsas futbol ölkələrinin milli çempionatlarına fasilə verilib. 

Hətta  idmançılar və futbolçular arasında da virusa yoluxanlar da var. Belə vəziyyətdə isə idman mətbuatının informasiya məkanı daralıb, ciddi xəbər boşluğu yaranıb. Bəs, idman sahəsində olan həmkarlarımız bu situasiyadan necə çıxırlar?

Aydın Bağırov: "Azərbaycan futbolu təkcə "Qarabağ"dan ibarət deyil ...

Qol.az saytının baş redaktoru Aydın Bağırovun Musavat.com-a bildirdiyinə görə, koronavirus dövründə mediada sektorunda ən böyük zərbə idman mətbuatına dəyib.

Onun fikrincə, ictimai-siyasi saytlar bugünlərdə mövzu və xəbər sarıdan korluq çəkmirlər: “Amma bütün dünyada yarışların dayandırılması, əsasən də futbolun olmaması idman saytlarının fəaliyyətinə, reytinqinə mənfi təsirini artırmaqdadır.

Faktiki olaraq, indi idman mediası “xəbər böhranı” yaşayır. Saytlar oxucularını itirirlər. Məsələn, yüksək reytinqi olan Qol.az-da son 15 gündə itki 6-7 min İP-dir. Bütün bunların baş verməsi isə təəccüblü deyil. Futbol (idman) olmayandan sonra oxucu marağının aşağı düşəcəyi də təbii idi”.

A.Bağırov bildirdi ki, amma peşəkar media, idman mətbuatı da daxil belə gözlənilməz vəziyyətlərə hazır olmalıdır: “Ən əsası, bu çətin durumlarda ruhdan düşməməkdir. Təəssüf ki, anlaşılan səbəblərdən indi bir çox idman saytı depressiv vəziyyətdədir.

Lakin hamı kimi, bizim üçün də ən ağır dövr, imtahan indidir ki, öz gücümüz, iradəmiz və inamımızla bu “qara zolaq”dan çıxaq. Yetər ki, dayanmadan, yorulmadan işləyək və yaxşı bir geridönüş edək. İstənilən halda, gün ərzində saytın aktivliyini qoruyub saxlamışıq. Müsahibələr, xəbərlər, təhlil yazılarını davam etdiririk. Amma bunlar əsasən koronavirusun idmana təsiri ilə bağlıdır. Bundan isə şəxsən mən bir redaktor olaraq heç bir ləzzət almıram. Amma dediyim kimi, həvəsdən düşmək, bədbinliyə qapılmaq olmaz. Əminəm ki, bu problem elə də uzun olmayan zamandan sonra həllini tapacaq”.

Bizim üçün itirilən bir xal elə 10 xal kimidir”

Rekord.az-ın baş redaktoru Kənan Məstəliyev də etiraf edir ki, ciddi problemlər yaşayırlar: “Hazırladığımız xəbərlərin hamısının məzmununda mütləq şəkildə “koronavirus” sözü yer alır. “Filan futbolçu yoluxdu”, “filan məşqçi yoluxdu”, “filankəs sağaldı”, “filan klubda virusa görə filan problem yarandı”dan başqa xəbər yazmaq çox çətindir. 

Çünki faktiki başqa heç nə yoxdur. İnsanlar da sayta girib eynitipli, yeknəsəq xəbərləri görüb, çıxıb gedirlər. Oxucu sayımız azı 5 dəfə düşüb...“

K.Məstəliyevin dediyinə görə, köməklərinə  gələn arxiv materiallarıdır: “Keçmişin maraqlı futbol hadisələrindən videoları paylaşır, vaxtilə çox maraqla qarşılanmış, zamanın təsiri ilə köhnəlməyən yazıları yenidən dərc edirik. Bu, bizi  bir az xilas edir. Amma durum bir ay da belə davam etsə, özümüzə başqa peşə axtarmalı olacağıq”.

Elçin Cəlilov: "İdman mediası ilə AFFA ararsındakı boşluğa etiraz ...

Futbolpress.az saytının baş yazarı Elçin Cəlilov da hesab edir ki, bu proses elə ən çox idman aləmini “vurdu”: “Bütün proseslər dayanıb. Xəbər qıtlığını  yalnız aidiyyəti mövzuda müsahiblərlə, müəllif araşdırmaları ilə doldururuq. Lakin bütün bunlar da kar etmir, oxucu sayı iki dəfədən çox azalıb. Bu cür gedişat idman mediasını hara aparır - yaxşı nəsə düşünmək olmur hələ ki…”

Musavat.com