II dövrə gərgin mübarizə ilə başladı
- 30 Yan 2023 21:36
- 404
Qadın voleybolçular arasında Azərbaycan çempionatında II dövrə start götürüb. "Rekord.az" xəbər verir ki, bu dövrənin ilk turu çərçivəsində iki oyun baş tutub.
IV turun ilk matçında “Murov” və “Azərreyl” klubları üz-üzə gəliblər. Turnir cədvəlinin ilk iki pilləsində qərarlaşan bu komandaların qarşıdurması gərgin mübarizə ilə yadda qalıb. Hərəyə iki set qazanan tərəflər görüşün taleyini tay-brekə daşıyıblar. Həlledici hissədə lider "Azərreyl" daha dəqiq oynayaraq meydandan qalib ayrılıb.
Turun ikinci qarşılaşmasında "UNEC"lə “Abşeron” üz-üzə gəlib. Bu oyun gözlənildiyi kimi ikincilərin üstünlüyü ilə keçib. Universitet təmsilçisinin ciddi müqaviməti ilə üzləşməyən "Abşeron" növbəti üç xalını çətinlik çəkmədən qazanıb.
II dövrənin ilk turundan sonra “Azərreyl” 11 xalla turnir cədvəlində liderliyini davam etdirir. 7 xalla “Murov” ikinci, 6 xalla “Abşeron” üçüncü yerdə qərarlaşıb. Sonuncu pillədə olan UNEC-in isə xalı yoxdur.
Yüksək Liqa
II dövrə
IV tur
“Murov” - “Azərreyl” 2:3 (25:22,15:25, 15:25, 32:30, 13:15)
"UNEC" - “Abşeron” 0:3 (13:25, 13:25, 11:25)