II dövrəyə yekun vuruldu
- 13 Fev 2022 22:56
- 616
Voleybol üzrə qadınlar arasında Azərbaycan çempionatında növbəti oyunlar keçirilib. "Rekord.az" xəbər verir ki, bu qarşılaşmalarla Super Liqasının II dövrəsinin oyunları başa çatıb.
VI tur çərçivəsində “Abşeron” “Murov”la , “Azərreyl” isə "UNEC"lə üz-üzə gəlib. AVF-nin idman zalında təşkil olunan turun ilk matçında Eldar Yusubovun komandası hesabat turunu da məğlubiyyətsiz başa vurub. “Abşeron” ilk hissəni 25:21 hesabı ilə qalib gəlsə də, ikinci hissədə 25:16 hesabı ilə sevinən tərəf “Murov” olub. Bu hissədəki məğlubiyyətdən nəticə çıxaran “Abşeron” sonrakı hissələri hesabına yazdırıb - 25:20, 25:21.
II dövrənin son matçı “Azərreyl” və UNEC komandaları arasında keçirilib. Tay-brekə kimi davam edən matçın ilk hissəsində 29:27 hesabı ilə UNEC komandası qalib gəlib, ikinci setdə toparlanan “Azərreyl” 25:14 hesabı ilə qalib gələrək hesabı bərabərləşdirib - 1:1. III set isə UNEC-in xeyrinə sona çatıb - 25:23. Matçın dördüncü hissəsini “Azərreyl” 25:16 hesabı ilə aktivinə yazdırsa da, həlledici setdə UNEC daha səhvsiz oynayaraq 15:12 qalib gəlib və görüşün hesabını rəsmiləşdirib – 3:2.
Beləliklə, 6 turdan sonra xal itirməyən “Abşeron” 18 xalla turnir cədvəlinə başçılıq edir. 8 xala malik “Azərreyl” ikinci, ondan 2 xal geri qalan “Murov” üçüncü yerdə qərarlaşıb. Sonuncu olan UNEC-in hesabında isə 4 xal var.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi öz rəsmi feysbuk, instaqram səhifələrində, həmçinin yutub kanalı vasitəsilə ilk dəfə voleybol üzrə qadınlar arasında Super Liqanın “Azərreyl” – UNEC matçını canlı yayımlayıb. Qarşılaşmanı Gənclər və İdman Nazirliyinin nümayəndəsi Nərmin Əhmədova və Azərbaycan Voleybol Federasiyasının baş koordinatoru Zöhrab Gözəlbəyli şərh ediblər.
Kişi voleybolçuları arasında keçiriləcək Yüksək Liqa oyunlarının da canlı yayımlanması nəzərdə tutulub.