İki milli üzvünün qarşılaşmasında sevinən kapitanımız oldu
- 25 Fev 2023 20:08
- 391
Macarıstanda qadın voleybolçuların birinciliyində növbəti oyunlar keçirilib. "Rekord.az" xəbər verir ki, bu ölkədə çıxış edən Azərbaycan millisinin iki üzvü 14-cü turda bir-birinə rəqib olublar.
Blokçumuz Ayşən Abduləzimovanın şərəfini qoruduğu "Vasas" hücumçumuz Nikalina Başnakovanın formasını geyindiyi "Szent Benedek"in qonağı olub. Görüş Ayşən və rəfiqələrinin üstünlüyü ilə keçib. 3 set davam edən matçda "Vasas" quru hesablı qələbəyə sevinib - 3:0 (25:10, 25:17, 27:25).
Komandasının növbəti qələbəsini qazandığı oyunda "Vasas"ın və millimizin kapitanı 10 dəfə fərqlənib. Abduləzimova bu xallardan 6-nı hücumda, 3-nü eyslə, 1-ni isə blokda qazanıb. Başnakova isə bu matçda əvəzetmə ilə oynayıb. O, meydanda olduğu müddətdə 6 dəfə hücumda fərqlənib.
Qeyd edək ki, bu qələbədən sonra "Vasas" xallarının sayını 38-ə çatdırıb və turnir cədvəlindəki liderliyini davam etdirir. 23 xalda qalan "Szent Benedek" isə məğlub olsa da 3-cü pillədəki yerini qoruyur.