İkili yanaşma: "Ağsu" və "Turan Tovuz" çempionatdan niyə kənarlaşdırılmır?
- 04 Yan 2020 17:00
- 1391
Yəqin yadınızdadır ki, keçən il "Region Liqası"nda çıxış edən "Baku FC" və "Füzuli" komandalarının oyununda şübhəli olay baş vermişdi. "Füzuli" komandası AFFA-ya müraciət edərək bakılıların heyətində çıxış edən səhv etmirəmsə bir futbolçunu onların heyətində çıxış edən bir neçə futbolçunu pulla almaqda ittiham etmişdi. Məsələni nəzarətə götürən federasiya hər iki komandanı çempionatdan kənarlaşdırdı. Halbuki bir futbolçunun etdiyini bütün komandanın ayağına yazmaq da ədalətli qərar deyildi. Hər halda oyun alqı-satqısına qarşı mübarizə olduğundan ictimaiyyət bu məsələdə federasiyanın üstünə elə də çox getmədi.
Bu mövsüm I Divizionda daha biabırçı olaylar baş verdi. Bir neçə komandanın öz oyunlarını qumara qoyması faktı aşkarlandı və AFFA 40-a yaxın futbolçu, məşqçi və klub rəsmisini futboldan kənarlaşdırdı. Bu mənada "Ağsu" və "Turan Tovuz" xüsusi seçildi. "Ağsu"nun 14, "Turan Tovuz"un isə 8 üzvü futboldan silindi. Amma çox maraqlıdır kli, klublara dəyib-toxunan olmadı. İndi ortaya sual çıxır: 1-2 futbolçuya görə "Baku FRC" və "Füzuli"ni çempionatdan kənarlaşdıran AFFA 22 nəfər xəyanətkara sahib "Ağsu" ilə "Turan Tovuz"a qarşı niyə eyni cəzanı tətbiq etmədi? Niyə bu komandalar da çempionatdan kənarlaşdırılmadı? Ona görə ki "Baku FC" və "Füzuli"nin AFFA-ya bağlılığı yoxdur, amma "Ağsu" və "Turan Tovuz" birbaşa federasiyaya tabedir?
Bu faktın özü bir daha onu göstərir ki, federasiya həm də ikili oyun oynayır. Öz komandaları da min oyundan çıxır, oyun alır, oyun satır. Bütün bunlara göz yumulur. Arada UEFA-nın yanında "yaxşı oğlan" olmaq üçün 5-10 futbolçunun futboldan silmək onlar üçün problem deyil. Amma komandalara toxunulmur, onlara maliyyə ayırmaqda davam edilir. Lakin AFFA-ya aidiyatı olmayan "Şərurspor", "Rəvan", "Füzuli", "Baku FC" kimi klublar dərhal futboldan silinir. Haqq-ədalətin bərpası yox, ikili yanaşma, ikili standartlar.
Anar XANLAROV