İkinci dəfə futbolsuz: Azərbaycanda ilk belə hadisədən 18 il ötür
- 05 Apr 2020 18:00
- 790
3 gün öncə Azərbaycan futbol tarixinin ən məşhur və ən qalmaqallı oyunundan 18 il ötdü.
Rekord.az xəbər verir ki, 2002-ci il aprelin 2-də keçirilən “Şəfa” – “Xəzər Universiteti” (sonradan “İnter” adlanan indiki “Keşlə”) matçı müstəqil Azərbaycan futboluna qara ləkə kimi düşüb.
Məhz həmin görüş ölkədə ilk dəfə futbolun dayandırılmasına səbəb olub. 18 il sonra təkcə Azərbaycan deyil, az qala bütün dünyada koronavirus pandemiyası bu idman növünü kölgəyə çəkibsə, əsrin əvvəllərində bir qarşılaşma eyni təsir effekti yaradıb.
Düzdür, həmin oyuna qədər də Fuad Musayevin prezidenti olduğu AFFA və klublar arasında münasibətlər soyuq, bəzən kritik həddə olub. Lakin aprelin 2-dəki matç komandaların səbir kasasını daşırıb.
AFFA-nın təsisçisi və faktiki sahibi olduğu “Şəfa”nın paytaxt derbisindəki qələbəsi çempionatın dayandırılmasına son təkanı verib. Həmin qarşılaşmada baş hakim Xaqani Məmmədovun “Xəzər Universiteti”nin qapısına təyin etdiyi müəmmalı qərar, Tərlan Əhmədovun dəqiq yerinə yetirdiyi penalti AFFA-nın komandasına 1:0 hesablı qələbə, Azərbaycan futboluna isə böyük məğlubiyyət bəxş edib.
AFFA-nın komandasına edilən bu kömək təkcə “Xəzər Universitet” deyil, başda “Neftçi” olmaqla digərlərinin də qəzəbinə səbəb olub. Tarixi ərzində dəfələrlə AFFA ilə kəllə-kəlləyə gələn flaqmanın da “tələbələr”ə müttəfiq olması digər klubları da eyni cəbhəyə toplayıb.
Aprelin 6-da keçirilən növbəti turda da meydana çıxan klublar bundan sonra AFFA-ya etiraz əlaməti kimi çempionatı dayandırıb. 6 gün sonra baş tutan “Şəfa” – “Kəpəz” görüşü isə mövsümdə sonuncu olub. 2001/02 mövsümünün çempionatı kimi kuboku da yarımçıq qalıb.
Tərəflər ortaq məxrəcə gələ bilmədiyindən 2002/03 mövsümü də təşkil olunmayıb. Nəticədə futbol tariximizə bir yarımçıq, bir keçirilməyən mövsüm düşüb.
Baş verənlər Azərbaycanın avrokuboklardan kənar qalmasına da səbəb olub. 2002/03 və 2003/04 mövsümlərində təmsilçilərimiz Avropa səhnəsinə çıxa bilməyib.
Daxili yarışlar yalnız 400 gündən sonra – 2003-cü il mayın 17-də yenidən keçirilməyə başlayıb. Bu, tariximizdə ən uzun – az qala bir il, daha dəqiq 355 gün sürən 2003/04 mövsümünün startı olub.
Futbolsuzluq dövrünün yeganə müsbət məqamı əksər futbolçuların ölkə xaricinə - Rusiya, İran, Ukrayna klublarına axınına təkan verməsi sayıla bilər. Həmin dövr bir çox futbolçuların futzala üz tutması isə bu növün heç vaxt olmadığı qədər populyarlaşması ilə müşayiət olunub. Qalmaqallı oyunun doğurduğu boykot isə artıq 2003/04 mövsümünün gedişində AFFA-da islahatların keçirilməsi ilə nəticələnib. Qurumun yarandığı gündən prezidenti olan Fuad Musayev 2003-cü ilin dekabrındakı seçkilərdən sonra postunu Ramiz Mirzəyevə təhvil verib. (apasport.az)