İldə iki dəfə Tovuza gedəndə...
- 17 Dek 2019 12:00
- 1435
"Turan Tovuz"un adı çoxdan danışılmış oyunlarla yanaşı çəkilirdi. Zaman-zaman mətbuatda da bu haqda yazılırdı. Hər dəfə də klub rəhbərliyi israrla bu xəbərləri təkzib edib onların klubunda belə halın olmadığını deyirdi. Lakin məsəl var ki "yalan ayaq tutar, yeriməz". Zaman hər şeyi yoluna qoyur və gec-tez bütün reallıq çırpaqlığı ilə ortaya çıxır. Necə ki, çıxdı da. AFFA İK məhz danışılmış oyunlarda iştirak etdiyi üçün Tovuz təmsilçisinin də 7-8 futbolçusunu futboldan kənarlaşdırdı. Düzdür, burda ilk növbədə AFFA rəhbərliyinin günahı var. Çünki məhz onların idarəçiliyi dövründə bu qədər biabırçılıq yaşandı. Məhz onların yaratdığı və maliyyələşdirdiyi komanda bu cür çirkaba bulaşdı. Bu federasiyanın təyin etdiyi şəxslər işlərinin öhdəsindən gələ bilmədi. Çünki rəhbərlik möhkəm olsaydı düzgün heyət formalaşdırıb ciddi nizam-intizam yarada bilsəydi, heç bu rüsvayçılıq da yaşanmazdı.
Ötən gün "Turan Tovuz" rəhbərliyi klubdaxili toplantı keçirib baş verənləri pisləyib. Deyirəm utanmasan oynamağa nə var ki. Bu biabırçılıqan sonra özünə hörmət edən klub rəhbərliyi öz xoşları ilə istefa verib getməlidir. Təbii ki, bunlar futbol yox, kreslo və vəzifə xəstələri olduğu üçün istefa haqda düşünmədilər. Bu, bir qırağa, heç olmasa toplantı öncəsi baş verənlərə görə adi üzrxahlıq da etmədilər. Əvəzində "nağıl" danışıb bilidriblər ki, klub dəfələrlə AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiyaya rəsmi olaraq müraciət edərək belə neqativ halların üstünün açılmasında köməklik göstərmələrini xahiş edib. Hətta yaydıqları bəyanatfason məlumatda belə cümlə də işlədiblər ki “Turan Tovuz” olaraq ölkə futbolumuzdan bu “virus”un təmizlənməsi üçün istər AFFA, istərsə də təhlükəsizlik orqanları ilə birlikdə mübarizə aparacağımızı bildirir, bu kimi neqativ hala əl atanların əməllərini qətiyyətlə pisləyir və lənətləyirik".
Ay "Turan Tovuz" rəhbərliyi, ay Oqtay Abdullayev, hansı mübarizədən, hansı neqativ halların üstünün açılmasına köməklikdən danışırsınız? Sizin mübarizəniz son zamanlar ancaq Nazim Süleymanov və onun təşkilatına qarşıdır. Bəli, insaf naminə deyək ki, həmin mübarizədə çox fədakarlıq və canfəşanlıq edirsiniz. Hətta özünüzü o qədər bu mübarizəyə həsr etmisiniz ki, rəhbəri olduğunuz klub tamam yaddan çıxıb. Yuxarıda da yazdım, özünə hörmət edən rəhbərlik bu cür biabırçılıqdan sonra bəyənat yox, istefa verir. Çünki məhz sizin yarıtmaz və naşı siyasətiniz bu halın yaşanmasına gətirib çıxardı. Oqtay Abdullayev toplantı keçirmək üçün Tovuza getməyə vaxt tapır, amma "Turan Tovuz"un ev oyunlarına getməyə yox. Ümumiyyətlə oturub hesablasan Abdullayev il ərzində heç bir əlin barmaq sayı qədər Tovuza getmir. Bakıda kabinetdə oturub telefonla idarə olunan klubun bu cür çirkaba bulaşmasında qeyri-adi nə var ki? Hələ şükür etsinlər ki 7-8 nəfərlə canlarını qurtarıblar, bütün komanda bu "oyun"a getməyib. Əsl rəhbərlik paytaxtdan telefonla komanda idarə etmir. Oqtay Abdullayev əgər bu kluba rəhbər təyin olunubsa, şələ-küləsini yığışdırıb Tovuza köçməli və bütün gücünü komandanın idarəçiliyinə sərf etməli idi. Əgər o, komandanın içində olsaydı və futbolçulara yaxın olsaydı, heç bu rüsvayçılıq da olmazdı. Çünki futbolçu baxanda ki, rəhbərlik işinə məsuliyyətsiz yanaşır, komandanın uğurunu yox, şəxsi marağını və rahatlığını düşünür, o da işinə həmin rəhbərlik kimi yanaşacaq.
Anar XANLAROV