İlham Əliyev: "Görürdüm ki, bəzi federasiyalarda nəticələr əldə edilmir”
- 22 Avq 2022 18:21
- 412
“Siz də yaxşı bilirsiniz ki, son vaxtlar bir neçə federasiyada dəyişikliklər baş verdi. Bu, təbiidir, bu, qaçılmaz idi. Çünki bəzi federasiyalarda mən görürdüm ki, artıq durğunluq hökm sürür, nəticələr əldə edilmir, bəzi idmançılarımız, ümumiyyətlə, beynəlxalq yarışlardan məhrum edilmişlər. Müvafiq beynəlxalq idman qurumları onları, bütövlükdə federasiyaları cəzalandırırdılar, bəzi hallarda əsaslı, bəzi hallarda əsassız. Amma əfsuslar olsun, bu hallar baş verib və görürdük ki, artıq yeni təkana ehtiyac var”.
Rekord.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev bu gün V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşündə deyib.
O həmçinin bildirib: “Bu yaxınlarda federasiyalarda və eyni zamanda, Gənclər və İdman Nazirliyində baş vermiş dəyişikliklər əminəm ki, həm idmançılar, həm də idman ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir, çünki nəticələr göz qabağındadır. Çünki idmana cavabdehlik daşıyan qurumlar idmançılarla daim bir yerdə olmalıdırlar, hər bir idmançını tanımalıdırlar, onun problemləri ilə məşğul olmalıdırlar. Mən görürəm ki, edilmiş dəyişikliklər nəticəsində hazırda nəticələr də var və olacaq. Əsas odur ki, Azərbaycanın idman ictimaiyyəti belə mütəşəkkil qüvvə kimi bir nöqtəyə vursun. Hər zaman bu, diqqət mərkəzində olan məsələ idi ki, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyalar, klublar, idman cəmiyyətləri bir nöqtəyə vursunlar, komanda şəklində fəaliyyət göstərsinlər və birlik olsun. Çünki mən 1997-ci ildən Milli Olimpiya Komitəsinin prezidentiyəm və bilirəm, hansı ölkələrdə hansı proseslər baş verir. Bir çox hallarda idmana cavabdehlik daşıyan qurumlar arasında birlik yoxdur, əksinə, ziddiyyətlər var. Bizdə isə bu birlik var və bu, hesab edirəm ki, uğurlarımızın əsas şərtlərindən biridir”.
Prezident onu da deyib ki, peşəkar idmançıları yetişdirmək asan məsələ deyil və məşqçilər, idman mütəxəssisləri çox böyük əmək sərf edirlər, seleksiya işləri çox düzgün aparılmalıdır: “Bizim bölgələrimizdə çox böyük istedadlar var, uşaqlar, yeniyetmələr, sadəcə olaraq, onları seçib tapmaq, idmana cəlb etmək lazımdır. Bu gün Azərbaycanda idmana və xüsusilə idmançılara olan münasibət əminəm ki, gəncləri, uşaqları da idman bölmələrinə gətirəcək. Çünki həm idmanla məşğul olmaq üçün şərait var,- təkcə bölgələrdə 50-yə yaxın olimpiya idman kompleksi fəaliyyət göstərir,- biz Bakıda Avropa Oyunlarını, dünya çempionatlarını keçirmişik. Yəni, bütün imkanlar var və idman bölmələrinə gələn uşaqları seçib onları yetişdirmək lazımdır, həm güclü idmançı kimi, həm ləyaqətli vətəndaş kimi. Bu da çox vacib məsələdir. Mən çox şadam, çox sevinirəm ki, bizim idmançılarımız, ölkəmizi dünyada ləyaqətlə təmsil edən idmançılar məişətdə də nümunəvi davranışla fərqlənirlər. Bu, çox vacibdir. Həm təvazökarlıq, həm Vətənə bağlılıq, milli dəyərlərə bağlılıq, fiziki güc, mənəvi güc. Çünki fiziki güc, necə deyərlər, mənəvi gücü də gücləndirir.
Oyunlardan sonra isə əlbəttə ki, istirahət dövrü olmalıdır, amma çox çəkməməlidir, çünki qarşıda Yay Olimpiya Oyunları durur, o qədər də çox vaxt qalmayıb, cəmi 2 il qalıb. Ona görə yaxın aylarda artıq hazırlığa başlanmaq lazımdır, ondan sonra təsnifat turnirləri başlayacaq, komandamız formalaşacaq. Hesab edirəm ki, indi bütün idman qurumlarının əsas məqsədi Yay Olimpiya Oyunlarına hazırlıq olmalıdır. Mən əminəm ki, bütün idman qurumları burada da öz vəzifə borclarını bilirlər, yaxşı dərk edirlər və beləliklə, Yay Olimpiya Oyunlarında biz ölkəmizi ləyaqətlə təmsil edəcəyik”