Azərbaycan Şahmat Federasiyası (AŞF) ilk dəfə olaraq bütün ölkəni əhatə edəcək “Azərbaycan Şahmat Turu” – (“Chess Tour Azerbaijan”) layihəsini həyata keçirəcək.


Rekord.az xəbər verir ki, bu barədə AŞF-nin mətbuat xidməti məlumat yayıb.


2025-ci ildə ilk dəfə reallaşacaq “Azərbaycan Şahmat Turu”nda ölkədə 8 beynəlxalq open yarış təşkil olunacaq. Bütün turnirlər beynəlxalq xarakter daşıyacaq və ölkə üzrə şahmatçıların təcrübəsini artırmağa imkan verəcək.


Şahmat turu paytaxt Bakıdan başlayacaq. Aprelin 28-dən etibarən paytaxtda “Baku Open” beynəlxalq şahmat festivalına start veriləcək. 18-25 iyun tarixlərində “Sheki Open”, 26 iyun-03 iyulda “Shamakhı Open”, 06-13 iyulda “Lankaran Open”, 15-22 iyulda “Guba Open”, 11-18 noyabrda isə “Ganca Open” və 19-26 noyabrda “Shirvan Open” keçiriləcək.


“Azərbaycan Şahmat Turu” çərçivəsində həm də “Vüqar Həşimov Open” turniri baş tutacaq.


Bütün turnirlərdə yerli şahmatçılarla yanaşı, həm də xarici iştirakçıların, o cümlədən beynəlxalq qrossmeysterlərin iştirakı planlaşdırılır.