İlqar Rəhimov Tokio-2020-yə lisenziya qazanan para-taekvondoçuları qəbul etdi
- 12 May 2021 18:00
- 853
Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti İlqar Rəhimov Avropa Təsnifat Turnirində iştirak etmiş parataekvondoçuları qəbul edib.
Rekord.az xəbər verir ki, görüşdə MPK-nın baş katibi Kamal Məmmədov, milli komandanın baş məşqçisi Fərid Tağızadə və komandanın digər üzvləri iştirak ediblər.
İlqar Rəhimov turnirin komanda üçün uğurlu olduğunu bildirib və bu yarışda Tokio-2020 Yay Paralimpiya Oyunlarına 4 lisenziya qazanmış idmançıları təbrik edib. Paralimpiya Oyunlarına çox az vaxt qaldığını vurğulayan komitə rəhbərinin sözlərinə görə, bu müddət ərzində hazırlıqlar daha intensiv, məqsədli olmalıdır: "Əsas hədəf olan paralimpiadaya cəmi 3 ay vaxt qalıb. Bu müddətdə var qüvvənizlə məşq etməli və ümidləri doğrultmalısınız. Siz orada zəfər çalıb üçrəngli bayrağımızı zirvələrə ucaldmalısınız. Yenilməzlər, zəfərə doğru!"
Fərid Tağızadə turnirin gərgin mübarizə şəraitində keçdiyini, bununla belə, qarşıya qoyulan əsas hədəfə - Tokio-2020-yə lisenziyalar qazanmağa nail olunduğunu qeyd edib.
Qeyd edək ki, Azərbaycan paralimpiyaçıları indiyədək 5 idman növündə 13 lisenziya qazanıblar. Vəsiqələrdən 4-ü para-taekvondo, hərəyə 3-ü atletika və üzgüçülük, 2-si güllə atıcılığı, 1-i pauerliftinq növlərində əldə olunub. Para-taekvando Paralimpiya Oyunlarının proqramına ilk dəfə salınıb.