İmişli stadionu ilə bağlı qalmaqalda ittiham olunan şəxs: "Getsinlər, qoyunları qovsunlar..." MÜSAHİBƏ
- 30 Noy 2019 13:30
- 1151
Ötən sayımızda Region Liqasında çıxış edən “İmişli”nin stadion problemi səbəbindən “Mil”lə qarşılaşmasının təxirə salındığını, buna görə komandaya texniki məğlubiyyət veriləcəyini xəbər vermişdik. Rayondakı mənbəmiz redaksiyamızla əlaqə saxlayaraq, Mirheydər Səfiyevin İmişli futbolunu məhv etdiyini bildirmiş, AFFA-nın, dövlət qurumlarının bu şəxsin özbaşnalığına göz yumduğunu vurğulamışdı. Həmin vaxt Səfiyevi arayıb deyilənlərə münasibət bildirməsini istəsək də, zənglərimiz cavabsız qalmışdı. Dünən yenidən mövzuya qayıdaraq, Mirheydər bəyi aradıq və onunla danışa bildik. İmişli futbolunun “qatili” kimi təqdim olunan Səfiyevlə söhbətdə başverənlərə aydınlıq gətirməsini istədik. Vaxtilə “MKT Araz”, “Mil Muğan”ın rəhbərliyində təmsil olunan şəxsin bizə cavabına isə bilmədik gülək, yoxsa ağalayaq? Onunla aramızda olan dialoqu diqqətinizə çatdırırıq.
- Salam, Mirheydər bəy.
- Salam.
- Sizi “Futbol+” qəzetindən narahat edirik.
- Buyur, qardaş.
- Bəy, yəqin ki, Region Liqasında çıxış edən “İmişli”yə stadion problemi səbəbindən sonuncu turda texniki məğlubiyyət verildiyindən xəbərdarsız.
- O komandaya heç bir aidiyyatım yoxdu və onların nəticələri mənim üçün maraqlı olmadığından heç maraqlanmıram da.
- “Mil”lə matçda ehtiyat meydan yararsız halda olduğundan komanda oyunu Heydər Əliyev adına İmişli şəhər stadionunda keçirmək istəyib. Ancaq siz arenanın qapılarından qıfıl asaraq, komandaya bu imkanı yaratmamısız. Niyə?
- Mənim onlara stadion borcum var? Adını qeyd etdiyiniz arena özəl mülkiyyətdi. Yaxşı edib icazə verməmişəm. Stadion MKT şirkətinin mülkiyyətidi. “İmişli”nin stadionla nə əlaqəsi var? Mən hələ onlara yaxşılıq edib yardımçı meydanı vermişəm. Onlar komanda yaradıb Region Liqasında çıxış etmək istəyəndə mənimlə məsləhətləşiblər? Əvvəlcədən mənə demişdilər ki, oyunları mərkəzi arenada keçirəcəyik? Ötən mövsüm onlara çox güzəşt etdim. Bu gün yardımçı meydanı o komandaya vermişəmsə, hələ sevinməlidilər. Belə komanda yaratmağa nə var?! 10-15 oyunçunun adını yaz, AFFA-ya göndər və qoltuğunda qovluq gəz. Hər yerdə də ağızdolusu de ki, mənim komandam var.
- Sizin dediyiniz yardımçı meydanda bu gün otdan əsər-əlamət yoxdu. Üstəlik, orda qoyunlar otlayır. Bizə göndərilən şəkillərdən də bunu görmək mümkündü.
- Bağışlayın, bilməmişdim, gedib onlar üçün hələ meydandan qoyun da çıxarmalıyam. Getsinlər, qoyunları qovsunlar, futbollarını oynasınlar. Xətt çəksinlər, bir qədər əl gəzdirsinlər, nə qədər istəyirlər oynasınlar. Bəlkə mən “İmişli” üçün gözətçi də olmalıyam? Belə yerdə deyiblər: məscidin qapısı açıqdı, itin abrına nə gəlib. Qardaş, mən bunlara daha nə etməliyəm?
- “İmişli” mərkəzi arenada keçirdiyi oyunlara görə sizə icarə haqqı ödəyir?
- Nə icarə haqqı? Onların pulu var ki, mənə də nəsə verələr. Mən humanistlik edib nəsə kömək etmişəm. İndi narazılıq edirlər.
- “İmişli” Region Liqasında çıxış etmək üçün liqanın İşçi Qrupuna zəmanət məktubu təqdim edib ki, orda göstərilən tələblərdən biri də stadionla bağlıdı. Komanda aidiyyatı quruma təqdim etdiyi məktubda sizin rəhbəri olduğunuz stadionu göstərib.
- Bunlar hamısı cəfəngiyyatdı. Onları stadionla təmin edəcəyimə söz versəydim, həmin məktubda heç olmasa imzam və ya möhürüm olardı. Bunların heç biri yoxdu. “Mil”lə qarşılaşdıqları gün AFFA-ya zəng vurublar. Ordan da Yusif Vəliyev mənimlə əlaqə saxladı. Bildirdi ki, komandalara şərait yaratmaq lazımdı ki, oyunlarını keçirsinlər. Ona “siz müxtəlif yaş qrupları üzrə çempionatları təşkil edirsiz, Region Liqasının sizə nə aiddiyatı var” sualını verdim. Cavabında “o liqaya da biz baxırıq” dedi. Ondan sonra arenanın qapılarını açdım. Ancaq hakim “artıq oyunun vaxtı keçib” deyib, matçın keçirilməyəcəyini bildirdi və onu da əlavə etdi ki, “protokol yazılıb”. Bunların mənə heç bir aidiyyatı yoxdu. Yenə deyirəm, stadion özəl mülkiyyətdi, heç kimə də güzəşt etmək fikirm yoxdu. Tutaq ki, bir gün Yusifin, sabah sizin xatirinizə o komandanı stadiona buraxdım. Bəs sonra? Bu nə vaxta kimi davam edəcək? Başlarına çarə qılsınlar.