“İnanıram ki, ikinci dövrədə qələbələrin davamını gətirəcəyik”
- 17 Okt 2019 18:42
- 842
"Neftçi” PFK-nın yarımmüdafiəçisi Dario Federiko klubun rəsmi saytına müsahibə verib.
Rekord.az xəbər verir ki, ikinci dövrədə qələbələrin davamını gətirəcəyini bildirən braziliyalı futbolçu azarkeşləri sevindirmək üçün əlindən gələni edəcəyini deyib:
- Komandanın ilk dövrədəki nəticələrini necə dəyərləndirirsən?
- Çempionata yaxşı başlamadıq. Buna baxmayaraq, son iki oyunda toparlanıb qələbə qazana bildik. İnanıram ki, ikinci dövrədə qələbələrin davamını gətirəcəyik.
- Qarşıdan "Zirə” ilə oyun gəlir? İlk dövrədə məğlub olduğunuz qəsəbə təmsilçisi ilə ümumi statistika da xeyrinizə deyil. Bu görüşdən nə gözləyirsən?
- "Zirə” ilə ilk dövrədəki oyunda bəxtimiz gətirmədi. Yadımdadır, matça çox yaxşı başlasaq da, qol fürsətlərini boşa vermişdik. Qarşıdakı oyuna çox ciddi hazırlaşırıq. Bütün rəqiblərimizə hörmətlə yanaşırıq. Bilirəm ki, asan olmayacaq, amma meydana yalnız və yalnız qələbə qazanmaq üçün çıxacağıq.
- 6 çempionat matçında meydana çıxsan da, qol vurmamısan. Öz oyununu necə qiymətləndirirsən?
- Bu mövsümkü çempionatda qol hesabımı açmasam da, çalışıram oyunumla komandaya maksimum fayda verim. Mənim üçün əsas olan komandamızın nəticəsidir. Oyundan oyuna daha da artırmağa çalışıram.
- "Neftçi” ilk dövrədən sonra liderdən 10 xal geri qalaraq 3-cü yeri tutur. Səncə, mövsümün sonunda komandanın turnir cədvəlindəki mövqeyi necə olacaq?
- Keçən mövsüm olduğu kimi, hədəfimiz yenə də çempionatın və kubokun qalibi olmaqdır. Liderlə 10 xallıq fərqə baxmayaraq sona qədər mübarizə aparacağıq. Qarşıda çox oyun var. Sonda hər şey ola bilər.
- Azarkeşlərə nə demək istərdin?
- Azarkeşləri keçən mövsüm olduğu kimi, bu mövsüm də hər zaman yanımızda görmək istəyirik. Onları sevindirmək üçün əlimizdən gələni edəcəyik.