Təbii ki, mən İtaliya millisi azarkeşiyəm və bu komandanın finaldakı qələbəsinə sevinirəm. Ancaq həm də bir futbol azarkeşi olaraq dünyaya futbolu bəxş etmiş, onun inkişafında inanılmaz dərəcədə böyük işlər görmüş, onu bizə sevdirən və sevdirməkdə də davam edən İngiltərənin məğlubiyyətinə də üzülmüşdüm. Yaxşı komanda toplamışdılar, layiq olduqları üçün də finala qədər irəlilədilər. Bu, öz yerində. Ancaq bu gün oxuduğum bir yazı “bunlara bu da azdı” deməyə məcbur etdi.


Londonda çıxan məşhur “The Economist” nəşri “İtaliya höküməti futbol uğurlarından çox məmnundur” başlığı (“uğur şüaları altında qızınır” kimi də tərcümə etmək olar, ancaq məna eynidi) altında bir yazı dərc edib. 
Alt başlıq kimi isə “Həm Avropa, həm də italyan sağçılarının qələbəsi” cümləsi istifadə edilib.


Yazının qısa məzmunu, əsas etiraz məqamı budu ki, bəs niyə İtaliya millisi ancaq ağlardan, yəni ağdərili italyanlardan təşkil olunub, bir dənə də qaradərili yoxdu? Bəli, iradları budu. 200 illik qəzetin toxunmaq istədiyi mövzu, tapdığı boşluq budu. 


Yəni İtaliya yığması bu adam yaxşı oyunçu oldu-olmadı, bunu haqq etdi-etmədi mütləq bir qaradərili futbolçunu tapıb heyətə daxil etməli idi. 


Ki, bərabərlik olsun, irqçiliyə yol verilməsin.


Adamların irqçilik anlayışı da mutasiyaya uğrayıb, deyəsən.


Cümləyə fikir verin: “İtaliyanın meydançaya çıxmazdan əvvəl 26 nəfərlik heyətinin ən diqqət çəkən tərəfi, əsas namizədlər arasında bir nəfər belə rəngli futbolçunun olmaması idi (üçü Braziliyada doğulub, ancaq onlar da italyan kökənlidirlər)”.


Bunu şərh etmək üçün absurd sözü yetərli deyil, nəsə başqa birini fikirləşmək lazımdı. Bəlkə də şizofreniyadı. 
İdmanı siyasətə qatmaq başqa necə olur? Futbol bir idmandı, idmanda isə güclülər mübarizə aparır, qalib də ən güclülər içərisindən müəyyən edilir. Sənin dərinin rəngi, cinsin, irqin və digər fərqliliklərin heç bir əhəmiyyət daşımır. Ya sən ən yaxşısan, qalibsən, ya da deyilsən. İnsanın dərisinin rəngini müzakirə mövzusu etməyin özü elə ən böyük irqçilikdi. “The Economist”in belə bir mövqe ilə çıxış etməsi, qaradərililərin hüquqlarının müdafiəsi pərdəsi arxasında öz məğlubiyyətinə hansısa formada haqq qazandırmaqdan başqa bir şey deyil. 


Yazıda məsələn, “filankəs futbolçu layiq idi, niyə çağırılmayıb” cümləsi də yoxdu ki, ucundan tutub haqq qazandırmaq mümkün olsun. Maraqlıdı ki, nəşr özü-özünü təkzib edərək qaradərili Mario Balotellini misal gətirir, onun 2010-18-ci illərdə “Skuadra Adzurra”nın şərəfini qoruduğunu, həmçinin digər qaradərili idmançıların ingilis əsilli atlet Fiona Meyin İtaliya üçün iki dünya çempionluğunu qazandırdığını da qeyd edib. Sonra da əlavə edib ki, bu azdı, dəri “diversifikasiyası” İtaliyada “Britaniya və Fransadakı qədər yayılmayıb”.


Amma final qarşılaşmasında penaltini dəqiq yerinə yetirə bilmədiklərinə görə qaradərili Saka, Sanço və Reşforda edilən irqçilik rəzaləti haqda isə bir söz belə yoxdu. Heyətə qaradərili cəlb etmək də olar, onu irqçiliyə məruz qoymaq da? Doğru yol budu?


İtaliyanı müdafiə etmək fikrindən uzağam. Onlar da az aşın duzu deyillər. Hitlerdən öncə Mussolini olub və faşist ideyasının mərkəzi və təməlində duran ölkələrdən biri, bəlkə də birincisi İtaliya olub. Günü-bu gün də A Seriyasında qaradərili futbolçular irqçiliyə məruz qalır, ara-sıra qalmaqallar yaşanır, hərarət səngimir. Ancaq bu lokal, daxili səviyyədən kənara çıxmır, mümkün olduğu qədər də mübarizə aparılır. Hər yerdə olduğu kimi. Bu gün dünyada irqçilik problemi olmayan ölkə yoxdu və bu problemin birdəfəlik həllinə hələ çox var. Buna uzun illər gərəklidi, insanlıq bir çox mərhələləri arxada qoymalı, ən birincisi də bu pərdə arxasında gizlənməyərək həqiqi çıxış yolunu tapmalıdı. 


İş bir futbol millisində “niyə qaradərili yoxdu”nun ardından, yəqin ki “niyə filan cinsi azlıq yoxdu”, ardınca “niyə qadın yoxdu”, ondan sonra “niyə filan xəstəliyi olan kəs yoxdu”, sonda da “niyə filan heyvan yoxdu”ya doğruya gedir, deyəsən. Bu tələblər qoyulsa, nə olacaq? Heç təsəvvür belə edə bilmirəm. 


Heç bir insana təbiətin ona verdiyi fərqliliyə görə mənfi, yaxud müsbət münasibət bəslənilə bilməz. Ədalət bəzən çox incə məhfumdu, meyarlarını sezmək, onlara riayət etməyi bacarmaq heç də asan deyil. Qaradərilisənsə nə öndəsən, nə geridə. Homoseksualsansa, nə öndəsən, nə geridə. Qadınsansa, nə öndəsən, nə geridə. Sadəcə, insansan, qurtardı getdi. Öz fərqliliyini mənə təlqin etmədən işini gör, bacarığını ortaya qoy, müvafiq də münasibət gör, uğur qazan, irəlilə, zirvə fəth et. 


“The Economist”in bu yazısını isə sadəcə cığallıq kimi qəbul etmək istəyirəm. Həmişəki ingilislərdi. Onlar özlərinin yaratdıqları, idmanlar arasında ən ədalətlisi olan futbolda həmişə cığal, ruslar demiş, “borzıy” olublar, ancaq sonda “yola gəliblər”. Başqa ölkələr futbol oynamağa başlayanda onlarla yoldaşlıq görüşləri keçirməyi belə özlərinə sığdırmayan, ancaq sonra “göydən yerə enməyə məcbur edilən”, FİFA-nı bəyənməyərək tanımayan, ancaq sonradan sakitcə gəlib üzv olan, dünya və Avropa çempionatlarını, avrokubokları bəyənməyib “göylə gedən”, ancaq sonradan geri qayıdıb qoşulan və yaxşıca “yerləri göstərilənlər” də həmişə ingilislər olub.


Hətta bu günə qədər yerli futbol assosiasiyalarının adı belə sadəcə “The Football Association”dı. Heç bir ölkə adı yoxdu: nə İngiltərə, nə Britaniya. Yəni dünyada bir futbol assosiasiyası var, o da bizik, birinciyik. 

Böyük pafosdu. İngilislərin həmişəki, əksər hallarda yersiz və uğursuz pafosu.


Futbol isə ədalətlidi və heç bir pafosu cavabsız qoymur. Ya güclüsən, ya da deyilsən. Yeganə həqiqət, yeganə doğru məhz budu.


Ruhun şad olsun, Tofiq Bəhramov!