Son günlər İran dünya mətbuatının gündəmindən düşmür. General Qasım Süleymaninin ABŞ raketiylə öldürülməsiylə yüksələn gərginlik Ukrayna Hava Yollarına məxsus təyyarənin günahsız sərnişinlərinin ölümüylə özünün pik nöqtəsinə çatdı. Trampa “kafa tutmağa” çalışarkən kobud səhvə yol verən İran rəhbərliyi indi çoxları tərəfindən qınanır, günahsız insanların vaxtsız ölümünə səbəb olanlar dünyanın bütün dillərində lənətlənir. Bundan sonrasını araşdırmaq, gələcəkdə hadisələrin necə inkişaf edəcəyini proqnozlaşdırmaq siyasi analitiklərin işidi. Biz isə qayıdaq futbola. Qarışıq gündəmdə bunu etmək hər nə qədər çətin olsa da...


İranın futbolçu bazarı son illərdə daim Azərbaycan klubları üçün aktual olub. Bir müddət əvvəl ordan bura futbolçu və futzalçı axını başlamışdı. İddialara görə, qonşu ölkədən əsgərlikdən yayınmaq istəyən, əlində bir az pulu olan cavanları işbazlar futbolçu və futzalçı adıyla Azərbaycana gətirirdi. Bir qisminə divizion klublarında yer etmişdilər, qalanını isə futzal çempionatının iştirakçıları arasında bölüşdürmüşdülər. İndi bu proses bir qədər səngiyib. Əvəzində qonşu İran “Sumqayıt”ın menecer-prezidenti Riad Rəfiyev üçün xeyli cəlbedici bazara çevrilib. Rəfiyev tez-tez Arazın o tayına boylanır, əlinə keçənlərdən rəhbərlik etdiyi kluba gətirir. Bir müddət əvvəl gətirdiklərini yola salıb, hazırda iki iranlı futbolçu “Sumqayıt”da forma geyinir. İnsafən, Mehdi Şərifi ilə Peyman Babayi Ayxan Abbasovun etimadını doğruldur, ara-sıra “Sumqayıt”a qələbə qazandıran qolların müəllifi olurlar. Deyilənlərə inansaq, Babayi ilə Şərifini gələcəkdə Azərbaycan pasportu və milli komandamızın forması gözləyir. Onlar da Riadın digər müştəriləri kimi milli futbolçuya çevriləcəklər. Sözsüz ki, özləri etiraz etməsələr. Ağlınız Dağıstana, Ukraynaya getməsin, İranın rejimi xeyli sərtdi. Futbolçular yaxşı başa düşürlər ki, vətəndaşlıqları dəyişsələr, onları İranda heç də xoş günlər gözləmir. Hazırda Rəfiyevin qarşısını kəsən əsas əngəllərdən biri də budu. 


Bu günkü yazımın mövzusu Riad bəyin bazarı deyil, “Neftçi”nin transfer siyasətidi. Xeyli müddətdi ki, “Neftçi” azarkeşləri komandadan gurultulu transfer gözləyir. Komanda qış fasiləsinə “Qarabağ”dan 6 xal geridə yollanıb. Gümüş medallar belə təhlükədədi, Tərlan Əhmədovun çalışdırdığı “Keşlə” isti nəfəsini “Neftçi”yə hiss etdirməyi bacarır. Kamran Quliyevlə Ceyhun Sultanov komandanı gücləndirməli, zəif nöqtələrdəki problemləri həll etməlidi. Hələ Roberto Bordinin məsələsi də açıqdı, italyan baş məşqçi “Neftçi” üçün “altıncı barmağa” çevrilib. Onlar neynəyirlər? “Xalq komandası”na gələrkən açıqlamalarının gurultusundan qulaq tutulan Ceyhun bəy “Qəbələ”nin futbolçularını yağmaladıqdan sonra nəzərlərini İrana çevirib, Riad Rəfiyevin bazarına. Artıq “Qəbələ”dən “dartmağa” futbolçu qalmayıb, indi də “İran bazarı” “Neftçi”ni özünə cəlb edir. Onların sayəsində Saman Nəriman Cahan adlı iranlı futbolçu ilk dəfə 28 yaşında legioner həyatı yaşayacaq. 


Bu arada Dario Federikonun "dabanına tüpürüb", “Neftçi”dən ikinci dəfə qaçdığı barədə məlumatlar da gəlir. Adam ötən qış da belə etmiş, ötən ay keçirilən “Sabah”la qarşılaşmadan sonra isə yeni qaçışın anonsunu vermişdi. Ümid edirik ki, bu dəfə onun arxasınca baxa-baxa qalmazlar. Bazarınız bol olsun, bəylər. Elə oyununuz da olsun, ara-sıra bizi güldürüb-əyləndirirsiz. Minnətdarıq!