İslamiada: Karateçilərdən son gündə 1 dəst medal
- 18 Avq 2022 20:44
- 461
Azərbaycan karateçiləri Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında daha 3 medal qazanıblar.
Rekord.az xəbər verir ki, Azərbaycanı kumite üzrə təmsil edən İrina Zaretska ardıcıl ikinci dəfə bu turnirin qalibi olub.
68 kq-da çıxış edən Ukrayna əsilli idmançı 2017-ci ildə Bakıda olduğu kimi, bu dəfə də finalda qalib gələrək qızıl medal qazanıb.
Digər karateçimiz Asiman Qurbanlı isə gümüş medalla kifayətlənib. 84 kq-dan yuxarı çəkidə çıxış edən idmançı finalda uduzaraq, 2-ci yeri tutub.
Pənah Abdullayev (84 kq) də finalda uduzub və gümüş medalla kifayətlənib. İsmayıl Quliyev, Tural Balcanlı və Rövşən Əliyevdən ibarət kata komandası isə bürünc medal uğrunda mübarizədən məğlub ayrılaraq medalsız qalıb.
Bununla da karateçilər yarışı 6 mükafatla başa vurublar. İrina Zaretska (64 kq) qızıl, Pənah Abdullayev (84 kq) və Asiman Qurbanlı gümüş, Mədinə Sadıqova (55 kq), Roman Heydərov (kata) və Tural Ağalarzadə (67 kq) isə bürünc medala sahib çıxıblar.