Qadın voleybolçular arasında Millətlər Liqası (VNL) başa çatıb. "Rekord.az" xəbər verir ki, yarış İtaliyanın millisinin qələbəsi ilə yekunlaşıb. 

İtaliya finalda Yaponiya yığması ilə üz-üzə gəlib. Avropalılar ilk setdən üstünlüyə yiyələniblər və rəqibə yalnız bir setdə sevinmək imkanı veriblər. Meydandan 3:1 hesablı qələbə ilə ayrılan İtaliya VNL-in çempionu olub. 

Bürünc medalı isə üçüncülük uğrunda oyunda Braziliyanı 3:2 hesabı ilə məğlub edən Polşa millisi qazanıb. 

Qeyd edək ki, VNL-dəki qarşılaşmalardan sonra dünya reytinqində də dəyişiklik olub. Belə ki, qızıl medal qazanan İtaliya xallarının sayını 398.18-ə çatdıraraq dünya reytinq cədvəlində ilk pilləyə yüksəlib. İkinci pillədə 385.49 xalla Braziliya qərarlaşıb. Son bir ilin lideri olmuş Türkiyə isə üçüncü yerə (368.56  xal) düşüb. İlk onluqda müvafiq olaraq Polşa, ABŞ, Çin, Yaponiya, Niderland, Serbiya və Kanada yığmaları yer alıblar. Azərbaycan millisi isə 108.95 xalla hazırda 33-cü pillədədir.