İtaliyanın qadın voleybolçulardan ibarət yığması Millətlər Liqasının qalibi olub. "Rekord.az" xəbər verir ki, komanda Ankarada təşkil olunmuş yarışın həlledici oyununda Braziliyanı quru hesabla məğlub edərək çempion adını qazanıb.
Bu görüş italyanlar üçün daha bir nailiyyətlə yadda qalıb.

Belə ki, komandanın üzvü, dünyanın ən güclü hücumçularından biri Paola Egonu yeni dünya rekorduna imza atıb. Təcrübəli voleybolçunun hücum zamanı endirdiyi zərbənin sürəti 112.7 km/saat olub. Bununla o, müvafiq rekordu təzələyib. Bundan əvvəlki rekord isə 110.3 km/saat sürətlə Serbiya millisinin üzvü Tijana Boskoviçə aid olub.

Qeyd edək ki, Paola Egonu turnirin "Ən dəyərli oyunçu"su (MVP) adına da layiq görülüb.