Joze Alesio: “Səhvlərdən qaça bilmədik”
- 10 Okt 2019 22:22
- 716
Futzal üzrə Azərbaycan çempionu “Araz”ın baş məşqçisi Joze Alesio Da Silva bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində Portuqaliyanın “Benfika” klubuna qarşı keçirdikləri oyunu şərh edib.
Rekord.az xəbər verir ki, braziliyalı mütəxəssis 0:7 hesablı məğlubiyyətdən sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
“Olanları təkrarlamaq istəmirəm. Artıq baş verənlərlə bağlı dünən də danışmışam. Məncə, bu gün daha yaxşı mübarizə apardıq. Çünki “Halle Gooik”lə oyundan sonra necə oynayacağımızı müəyyənləşdirdik. Amma yorğunluq sözünü dedi. İkinci hissədə uşaqların ayaqları sanki işləmirdi, beyinləri yorulmuşdu. Birinci hissədə 3 qol buraxdıq. Fasiləyə qədər gücümüz daha çox idi. Təəssüf ki, səhvlərdən qaça bilmədik. Vurulan qolların bəzisini “hədiyyə” etdik. Bu da yorğunluğun, ardıcıl iki matçı 6 oyunçu ilə keçirməyimizin nəticəsidi. “Benfika” isə fərqli keyfiyyətlərə malik komandadı. İstər taktiki, istərsə də texniki cəhətdən onlar qrupun aşkar favoriti, ən güclüsüdü.
Şansımız “Halle Gooik” – “Xerson” oyununun nəticəsindən asılıdı. Ukrayna futzalçıları qələbə qazana bilməsə, şənbə gününü fərqli etməyə çalışacağıq. İstənilən halda son matçda da “döyüşəcəyik”.