Azərbaycan Şahmat Federasiyasının (AŞF) təşkilatçılığı ilə 22 iyul Milli Mətbuat Gününə həsr olunan jurnalistlər arasında şahmat turnirinin açılış mərasimi keçirilib.

Rekord.az xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov, AŞF-in I vitse-prezidenti Faiq Həsənov, millət vəkili Bəhruz Məhərrəmov iştirak edib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilikdən sonra Vətən Müharibəsində dünyasını dəyişən şəhidlərimiz o cümlədən son illərdə vəfat edən jurnalistlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Açılış mərasimində ilk olaraq Gənclər və İdman naziri Fərid Qayıbov çıxış edib. Nazir yarışda iştirak edən media nümayəndələrinə uğurlar arzulayıb: "Bizim müxtəlif idman növlərində və şahmatda nailiyyətlərimiz var. Azərbaycan Şahmat Federasiyası digər federasiyalar kimi çox fəal işləyir. Belə yarışların keçirilməsini hər zaman dəstəkləmişik. Jurnalistləri qarşıdan gələn mətbuat günü münasibəti ilə təbrik edirəm. Bütün tərəfdaşlara və təşkilatçılara minnətdaram, iştirakçılara uğurlar arzulayıram", - nazir Fərid Qayıbov çıxışında bildirib.

AŞF-in I vitse-prezidenti Faiq Həsənov tədbir iştirakçılarını salamlayıb və jurnalistlərin yarışının maraqlı mübarizə şəraitində keçəcəyini bildirib: "Turnirin sistemi dəyişib, indi daha maraqlı olacaq. Hər zaman olduğu kimi güclülər yenə qalib gələcək, amma bir az çətin olacaq. Tədbirimiz ölkədə şahmata diqqətin ayrıldığını göstərir. Azərbaycan şahmat ölkəsi kimi tanınır".

Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov da tədbirin önəmli olduğunu vurğulayıb: "İdman saytları MEDİA-nın müsabiqələrində iştirak edirlər və daim fəaldırlar. Gələcəkdə idman jurnalistikasında peşəkarlığın artması istiqamətində işlər görüləcək. Mən də şahmatı sevirəm. Uşaq vaxtından bu idman növü ilə məşğul olmuşam. Jurnalistlərin belə turnirə müraciət etməsi bizi sevindirir. Qaliblərlə qeyri-rəsmi şahmat turniri də təşkil edə və onlarla oynaya bilərik".

Millət vəkili Bəhruz Məhərrəmov medianın ikinci Qarabağ müharibəsində Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında böyük iş gördüyünü söylədi. Milli Məclisin üzvü idman mediasında güclü qələm sahiblərinin olduğunu və onların idmanın inkişafında iştirak etdiyini qeyd etdi.

Turnirin baş sponsoru “Azərlotereya”nın nümayəndəsi Seymur Teymurov jurnalistlər arasında yarışlara daim dəstək olduqlarını söylədi. “Azərlotereya”nın nümayəndəsi turnirdə yüksək rəqabət olacağına inandığını bildirib.

Cinema Plus Müşahidə Şurasının sədri Zaur Darabzadə jurnalistlərlə bağlı mütəmadi müxtəlif layihələrdə yaxından iştirak etdiklərini qeyd etdi. Z.Darabzadə 22 iyul ərəfəsində bütün jurnalistləri təbrik edərək onlara işlərində uğurlar arzuladı.   

Açılış mərasimindən sonra püşkatma baş tutub. Yarışın qalibləri 22 iyul Milli Mətbuat Günü ərəfəsində mükafatlandırılacaq. İlk üç yeri tutacaq komandaların hər bir üzvünə pul mükafatı, sponsorlardan hədiyyələr və diplom təqdim olunacaq. Eyni zamanda bağlanış mərasimində Təşkilat Komitəsi xüsusi nominasiyalar üzrə qalibləri elan edəcək.

Qeyd edək ki, turnirin baş hakimi Azərbaycan Şahmat Federasiyasının Texniki direktoru Rəhim Qasımovdu.