Türklərdə lətifəyə bənzəyən bir futbol əhvalatı var. Deyirlər ki, bir gün “Fənərbaxça” hansısa rəqiblə qarşılaşırmış. O zamanların “ulduz” futbolçularından sayılan Tanju Çolak zədəsinə görə meydana çıxmalı deyilmiş. Hətta stadiona komandadan ayrı, məşq etmədən gəlib. Amma oyunun gedişində zərurət yarandığından Tanjunu meydana buraxıblar və ardıcıl 3 qol vuran istedadlı futbolçu görüşün taleyini də həll edib.


Kadi Borqesin “Qarabağ”a qayıdışı və “Səbail”lə oyunda meydana çıxması bir qədər həmin hadisəyə bənzədi. Cəmi iki gün bundan əvvəl Azərbaycanın idman mətbuatı Budapeştdən Bakıya gələn Kadi və ailəsinin çemodanlarının sayının çox olması ilə bağlı yazılar yazırdı. Sosial şəbəkələrdə də Kadinin çemodanlarının sayı ilə bağlı məlumatlar trendə çevrilmişdi. Azarkeşlər zarafatla deyirdilər ki, Kadi Budapeştdə əşya qoymayıb, hamısını toplayıb Bakıya gətirib. 


Bu çemodan əhvalatından sonra da cəmi bircə dəfə Kadinin “Qarabağ”ın məşqinə qatılması ilə bağlı məlumatlar rastımıza çıxdı. Həmin məşqdən çəkilmiş fotolardan da belə anlaşılırdı ki, braziliyalı futbolçu komandadan ayrı çalışır, fiziki formasını bərpa etməklə məşğuldur. Doğrusu da o idi. Bizim kimi Qurban Qurbanov da Kadinin Bakıya hansı vəziyyətdə gəldiyini bilmirdi. Bəli, adam istedadlı və təcrübəlidir. Amma bunlar öz yerində, əsas məsələ odur ki, hazırda bu istedadından və təcrübəndən yararlanmağa fiziki durumun imkan verir, ya yox...


Qurban Qurbanov Kadidə nə gördüsə, onun adını “Səbail”lə oyunun iştirak ərizəsinə daxil etdi. Qərarında da yanılmadı. Bəlli məsələdir ki, Kadi “Qarabağ”a yad isim deyil. Komandanın oyun üslubuna da bələddir, Qurbanov futbolçulardan nə tələb etdiyinə də. “Relsə düşmək” üçün komanda yoldaşları ilə yüngülvari anlaşma tələb olunurdu ki, “Səbail”lə oyun da bunun üçün göydəndüşmə fürsət oldu. Həm Qurban bəy, həm də Kadi bu fürsətdən yetərincə yararlandı.


“Səbail”in “Qarabağ”a qarşı necə inadla dirənc göstərdiyini, müdafiədə səhvsiz oynamağa çalışdığını hələ kubok oyununda görmüşdük. Respublika stadionundakı qarşılaşma da həmin “filmin” davamı idi. Ta o vaxta qədər ki, İlkin Muradov penaltiyə səbəb olmamışdı. Lakin penalti qolundan sonra belə hesabın darmadağın həddinə çatacağını, “Qarabağ” azarkeşlərinin “qol şousu”na sevinəcəyini təxmin etmək olmazdı. Çətin məqamda əvəzetmələr işə yaradı, konkret olaraq Leandro Andrade ilə Kadi Borqes oyunun müqəddəratını həll etdilər.


Andrade əvvəlcə təcrübəsini və istedadını nümayiş etdirdi, digər epizodda Kadinin gözəl ötürməsini bir toxunuşla tora qovuşdurdu. Bundan cəmi 3 dəqiqə sonra isə Kadi özü “Qarabağ”a dönüşündən sonrakı ilk qolunu vurdu. Bəli, yenidən “Qarabağ” azarkeşlərinin könlünü fəth etməyə, Qurbanovun onu komandaya qaytarmaqla düzgün qərar verdiyini isbatlamağa cəmi 3-5 dəqiqə kifayət etdi. Ümid edək ki, Kadi eyforiyaya düşməyəcək. Əksinə, məşqlərdə səylə çalışmaqla əvvəlki günlərinə qayıdacaq, adından hər oyunda söz etdirəcək.


Kadi “Qarabağ”a çox həssas məqamda qayıdıb. Ağır mövsümün həlledici bir dönəmində avrokuboklardakı uğursuzluğun gətirdiyi psixoloji gərginlik də “Qarabağ”ın işini çətinləşdirmişdi. Juninyonun gedişi, digər aparıcı üzvlərin ümidləri doğrultmaması Qurban bəy üçün əlavə problemə çevrilmişdi. Belə bir məqamda Kadinin üzərinə böyük məsuliyyət düşür. “Qarabağ” azarkeşləri üçün köhnə tanış yeni ümid yerinə, çətin məqamda gələn xilaskara çevrilməlidir. Buna inanmağa dəyər.