Kamal Quliyev Yurçeviç haqda : "O məşqçinin futboldan xəbəri yoxdur" MÜSAHİBƏ
- 05 Dek 2019 16:00
- 1061
Veteran futbolçu, milli komandamızın sabiq üzvü Kamal Quliyev qol.az saytına müsahibə verib. Rekord.az həmin müsahibəni sizə təqdim edir:
- Azərbaycan futbolunun hazırkı mənzərəsi barədə nə deyə bilərsiniz?
- Rəqabət olduqca aşağıdır. “Qarabağ”ı çıxmaq şərtilə digər komandalar rəqabət apara bilmir. “Qəbələ”nin də aqibəti bəlli oldu. Təəssüf ki, komanda belə çətin duruma düşüb. Onların yüksək infrastrukturu var. Yeganə klubdur ki, uşaq futbol akademiyası güclü inkişaf edib. Aşağı yaş qrupları hər il Avropada turnirlərə qatılır. Ən düzgün inkişaf “Qəbələ”də gedirdi. O da sıradan çıxandan sonra hansı inkişafdan danışa bilərik? Təəssüf ki, klubların maliyyə durumları bəzi iş adamlarının bizneslərindən asılıdır. Ona görə də aqibətləri yaxşı olmur. Klublarımız Avropadakı kimi özünü maliyyələşdirə bilmir. Səviyyə göz qabağındadır. Həddindən artıq aşağı düşüb. Götürək, “Neftçi”nin ardıcıl çempion olduğu vaxtları. Həmin illərdə 5-6 klub çempionluğa oynayırdı. İndi isə cəmi iki klub çempionluğa oynayır. Buna başqa nə ad vermək olar? Bir çox futbol mütəxəssisləri işlərinin xatirinə vurğulayırlar ki, futbolumuz inkişafdadır. Ermənilərin Mxitaryanı görün haralarda oynayır. Amma bizim heç burnumuzun ucuna belə gedib çıxası futbolçumuz yoxdur.
- Azərbaycan kubokunun ilk turunda birinci divizion komandalarının demək olar ki, hamısı böyük hesabla məğlub oldu. Bunun səbəbini nədə görürsünüz?
- 5-6 il bundan əvvəlki kimi “Neftçala” komandam olsaydı, “Qarabağ”ı çıxmaq şərtilə digər Premyer Liqa klubları ilə başabaş mübarizə aparardı. Hazırda birinci divizionla Premyer Liqa arasında böyük uçurum var. Mən Ukraynada çıxış edəndə təlim-məşq toplanışı vaxtı həmişə ilk olaraq birinci dəstə təmsilçiləri ilə oyanyırdıq. Onlar bizə göz açmağa imkan vermirdilər. Bizdə isə bu hal tamamilə əksinədir. Ümumiyyətlə, birinci divizionu saxlamaqlarında məqsəd nədir? Başa düşə bilmirəm. Əgər orada məqsəd və perspektiv yoxdursa, birinci diviziondan Premyer Liqaya komanda gəlmirsə, birinci divizionu saxlamağın nə mənası var? Yoxsa futbolçuları alış-verişə öyrəşdirməkdir? 2 gündən bir oyun alqı-satqısı barədə yazırlar. Bunların hamısı söz-söhbətin yaranmasına səbəb olur. Birinci diviziona heç kim nəzarət etmir. O liqada elə futbolçular var ki, onlar Premyer Liqa səviyyəsindədirlər. Ancaq ora nəzarətin olmamasına görə bu uşaqları da üzə çıxaran yoxdur.
- Milli komandamızın Avro-2020-nin seçmə mərhələsindəki çıxışı barədə fikirləriniz necədir?
- Nə deyə bilərəm? Deyiləsi söz var ki? Buna hər hansısa bir şərh verməyə yer var? Sadəcə olaraq o məşqçi özünə hörmət edirsə, müqavilənin bitməsini gözləməməlidir. Utanmaz-utanmaz durub deyir ki, “mənim komanda ilə müqaviləm var”. Onu milliyə gətirən şəxslər düşünməlidirlər. Çünki o məşqçinin futboldan xəbəri yoxdur. Bura gələn məşqçilər hamısı elədir. Onlar özləri qərar verə bilmirlər. Onların səlahiyyəti öz əllərində deyil. Hamısı milliyə pul qazanmaq üçün gəliblər. U-21 millisinin baş məşqçisi Obradoviçə ayda 20 min manat maaş verəndə, o da elə deyəcək. Məşqçi öz müsahibəsində deyib ki “siz hansı komandanı böyük hesabla udmusunuz ki, məndən də bunu tələb edirsiniz?” Bəs biz udmamışıq, ona görə tələb edirik ki, nəticə olsun, sənə bu pulu halallıqla verək. Ay Obradoviç, ayda 20 min manat pul alırsan, ona görə də sən qalib gəlməlisən. Sənin kimilərini bura gətirməkdə məqsədimiz digər millilər üzərində qələbələrə imza atmaqdır. Yoxsa gəlib bizim pulumuzu alıb, yeyib-içıb, sonra da müsahibədə belə deyir. Mənə elə gəlir ki, bunların hamısı qovulmalıdır. Bizim futbolçular legioner deyil ki, kənardan hansısa baş məşqçisi gəlib onları idarə etsin. Yerli mütəxəssis olmalıdır.
- Yanvar ayından Yurçeviçin göndəriləcəyi xəbəri gündəmdədir.
- Allaha çox şükür.
- Fikrinizcə, millinin sükanı arxasına kim gətirilməlidir?
- Yerli məşqçi. Bizimkilərə şans verilməlidir. Bəlkə bu gün bir yerli məşqçi komandanı bir addım irəli aparacaqsa, digəri yarım addım aparacaq. Bir də görəcəyik ki, nə qədər irəliləmişik. Azərbaycanda klub səviyyəsində ilk dəfə bütün nailiyyətlərə imza atan yerli baş məşqçilər olub. Bunların heç birini əcnəbi baş məşqçilər etməyib. İlk dəfə Avropa Liqasının qrup mərhələsinə rəhmətlik Böyükağa Hacıyevin rəhbərliyi altında düşmüşük. Daha sonra Qurban Qurbanov bu uğuru təkrarladı. Bunların hamısını yerlilər edib. Millidə də uğurları yerlilər qazanacaq.
- Təklif gəldiyi halda futbola qayıtmaq istərdiniz?
- Niyə istəmirəm? Mən futboldan birdəfəlik uzaqlaşmamışam. Sadəcə olaraq onlar üçün deyiləm. Çünki mən onların dediklərini həyata keçirmirəm, onların dediyi ilə oturub-durmuram. Düzgün danışıram, ona görə də pis olmuşam. Onlar mənimlə yola gedə bilmirlər. Obradoviç məndən artıq oğlandır? Həmin o səlahiyyətli nümayəndələrə deyə bilərəm ki, əgər mən 6 aya Obradoviçdən artıq iş görməsəm, o halda gərək ölkəni tərk edim.
- Hazırda nə işlə məşğulsunuz?
- İşləmirəm. Bekarçılıqdır.
- Premyer Liqada rəqabətin artması üçün nə lazımdır?
- Futbol ənənəsi olan Tovuzda, Gəncədə futbolu inkişaf etdirmək, Premyer Liqa üçün komandaları yaratmaq lazımdır. Gəncəyə o qədər pul xərclədilər. Nə üçün? Gəncənin stadionlarını bağlamaq üçün? Gördükləri iş əməlləri ilə düz gəlmir. Azərbaycanda futbolçu yetişdirən 2 böyük şəhər var: Gəncə və Sumqayıt. Hazırda birinin qapısı bağlıdır, Premyer Liqada oynamır. Cənub zonasında bir komanda yoxdur. Halbuki cənub zonası futbolla yaşayır. Futbol ənənələri rayonlarda komandaların sayını artırmaq lazımdır. Bunun sayəsində inkişaf ola bilər. 8 komandadan ibarət olan Azərbaycan çempionatı deyil, Bakı çempionatıdır. Bir “Qəbələ” idi, o da sıradan çıxır. Komandaların yarısından çoxunda da legionerlər çıxış edir. Bu halda hansı rəqabət və inkişafdan söhbət etmək olar? Klubların sayı nə qədər çox olsa, futbolçuların oyun baxımından seçimi də bir o qədər çox olacaq. Futbolçu oyunla artırır, məşqlə yox. Komanda sayı çox olsa, futbolçu seçimi də bir o qədər genişlənəcək.