İtaliyanın “Salernitana” klubu heyətini yeni futbolçularla gücləndirib.

Rekord.az xəbər verir ki, A Seriyası təmsilçisi İspaniyanın “Espanyol” klubundan Tonni Vilyenanı, Fransa “Mets”indən Dilan Bronnu, “Sampdoriya”dan Antonio Kandrevanı transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tonni Vilyena “Espanyol”dan 2022/23 mövsümünün sonuna kimi icarəyə götürülüb. Müqavilədə satınalma şərti də var. “Salernitana” bu hüququndan yararlanmaq istəsə, İspaniya klubuna 3.5 milyon avro ödəməli olacaq.

Tonni Vilyena “Espanyol”a bu ilin əvvəlində Rusiyanın “Krasnodar” klubundan keçib. O, geridə qalan mövsümün ikinci yarısında La Liqa klubunda 11 oyuna 1 qol vurub. “Feyenoord”un yetirməsi olan, uzun illər məhz bu komandada forma geyinmiş 27 yaşlı yarımmüdafiəçi, Niderland yığmasında da 15 oyuna çıxıb.

Dilan Bronn “Mets”dən 1 milyon avro qarşılığında transfer olunub. O, İtaliya klubu ilə 3 illik müqavilə bağlayıb. Fransada dünyaya göz açsa da, Tunis yığmasında çıxış edən 27 yaşlı müdafiəçi, 2020-ci ildən “Mets”də oynayırdı. O, bu komandada 2 mövsüm ərzində 49 oyuna çıxıb, 2 qol vurub. Mərkəz müdafiəçisi əvvəllər “Kann”, “Nyor” və “Gent” klublarının da uğurları üçün çalışıb, Tunis millisində meydana çıxdığı 35 oyunda 2 qola imza atıb.

Antonio Kandreva isə “Sampdoriya”dan azad agent kimi ayrıldığı üçün “Salernitana”ya pulsuz başa gəlib. 35 yaşlı italyan vinger yeni klubu ilə 1+1 illik müqavilə bağlayıb.

Kandreva 2020-ci ildən “Sampdoriya”da çıxış edirdi. Təcrübəli futbolçu bu komandanın heyətində meydana çıxdığı 76 oyunda 12 qol vurub. İtaliya yığmasının sabiq üzvü “Ternana”, “Udineze”, “Livorno”, “Yuventus”, “Parma”, “Çezena”, “Latsio” və “İnter” klublarının da formasını geyinib. O, yığmada 54 oyun keçirib, 7 qola imza atıb.

“Salernitana” yarımmüdafiəçisi Mamadu Kulibalini də “Ternana”ya icarəyə verib. Ötən il “Udineze”dən transfer olunmuş 23 yaşlı seneqallı futbolçu, bu komandada 30 oyun keçirib, 2 qol vurub. O, “Peskara”, “Kapri”, “Virtus Entella” və “Trapani” kimi klubların da formasını geyinib.

Yeri gəlmişkən, Tonni Vilyenanı “Salernitana”ya icarəyə verən “Espanyol” heyətinə yeni yarımmüdafiəçi cəlb edib. La Liqa təmsilçisi “Eybar”dan Eduardo Ekspozitonu transfer edib. 26 yaşlı xavbekin keçidinə görə qarşı tərəfə 4.5 milyon avro ödənilib. İspan futbolçu ilə 5 illik müqavilə imzalanıb.

Eduardo Ekspozito 2019-cu ildən “Eybar”da forma geyinirdi. O, bu komandada 117 matça çıxıb, 13 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçu daha öncə yetirməsi olduğu “Deportivo”da da oynayıb.