Kapitanımız avrokubokla vidalaşdı
- 09 Fev 2023 10:38
- 386
Qadın voleybolçulardan ibarət Azərbaycan milisinin üzvü Ayşən Abduləzimova Çempionlar Liqasında növbəti oyununu keçirib. "Rekord.az" xəbər verir ki, blokçumuzun formasını geyindiyi Macarıstanın "Vasas" klubu qrup mərhələsinin son oyununda Fransanın "Mulhouse" kollektivi ilə üz-üzə gəlib.
Fransada baş tutan görüş voleybolçumuzun komandası üçün yarışda sonuncu olub. Matça yaxşı başlamayan Macarıstan təmsilçisi 0:2 hesabı ilə geri düşüb. Bundan sonra təşəbbüsü ələ alan "Vasas" ümumi hesabı azalda bilib - 1:2. Lakin bu, qonaqların sevindiyi yeganə hissə olub. 4 set davam edən oyunda Ayşən və rəfiqələri 1:3 (18:25, 23:25, 25:21,17:25) hesabı ilə uduzaraq Çempionlar Liqasında çıxışlarını başa vurublar. Komanda, eyni zamanda avrokuboklarla da vidalaşıb. Belə ki, "Vasas" bu qarşılaşmada 3 xallı qələbə qazanacağı təqdirdə "CEV Cup"da iştirak hüququ əldə edəcəkdi. Lakin Macarıstan çempionu bunu bacarmayıb və bu mövsüm qitə miqyaslı yarışlarda çıxışını yekunlaşdırıb.
Komandasının avrokuboklarda çıxışını dayandırdığı oyunda yığmamızın və "Vasas"ın kapitanı 8 xal qazanıb.