Qadın voleybolçulardan ibarət azərbaycan millisinin üzvü Ayşən Abduləzimova beynəlxalq turnirin finalına vəsiqə qazanıb. "Rekord.az" xəbər verir ki, təcrübəli blokçumuzun şərəfini qoruduğu Macarıstanın "Vasas" klubu MEVZA-nın (Orta Avropa Voleybol Zonal Assosiasiyası) finalına adlayıb.

Voleybolçumuzun komandası yarımfinalda Sloveniyanın "Novo Branik" klubu ilə üz-üzə gəlib. Görüş "Vasas" üçün pis başlayıb və komanda ilk seti uduzub. Lakin bundan sonra təşəbbüsü ələ almağı bacaran Ayşən və rəfiqələri üstünlüklərini sonadək qoruyublar. Ardıcıl 3 hissəni aktivinə yazdıran "Vasas" 3:1 (21:25, 25:19, 25:13, 26:24) hesablı qələbə qazanmaqla qızıl medallar uğrunda mübarizə şansını qoruyub.

Macarıstan təmsilçisinin adını finala yazdırdığı qarşılaşmada yığmamızın üzvü 9 dəfə fərqlənib. Kapitanımız bu xallardan 6-nı hücumda, 2-ni blokda, 1-ni isə eyslə qazanıb.

Qeyd edək ki, "Vasas" həlledici oyunda Sloveniyanın digər təmsilçisi "OK Calcit Kamnik" ilə üz-üzə gələcək.