Kapitanımız Çempionlar Liqasında növbəti oyununu keçirib
- 15 Noy 2024 13:02
- 109
Voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisinin üzvü Ayşən Abduləzimova Çempionlar Liqasında növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, blokçumuzun şərəfini qoruduğu Macarıstanın "Vasas" klubu 2-ci turda Türkiyənin "Fenerbahçe" komandası ilə üz-üzə gəlib.
Budapeştdə baş tutan görüş rəqibin üstünlüyü ilə başlayıb və qonaqlar 2:0 hesabı ilə irəli keçiblər. Bundan sonra meydan sahibləri ümumi hesabı azalda biliblər. Macarıstan təmsilçisi növbəti setdə də güclü rəqibə ciddi müqavimət göstərsə də qalib gələ bilməyib. Ayşən və rəfiqələri 4 hissə davam edən matçda 1:3 (13:25, 15:25, 26:24, 21:25) hesabı ilə uduzublar.
Komandasının xalsız qaldığı oyunda yığmamızın və "Vasas"ın kapitanı 8 dəfə fərqlənib. Abduləzimova bu xallardan 6-nı hücumda, 1-ni blokda, 1-ni isə eyslə qazanıb.