Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvü Ayşən Abduləzimova formasını geyindiyi Macarıstan klubu ilə daha bir uğura imza atıb. "Rekord.az" xəbər verir ki, təcrübəli blokçumuzun şərəfini qoruduğu "Vasas" Çempionlar Liqasının qrup mərhələsinə yüksəlib.

Macarıstan təmsilçisi qitənin ən nüfuzlu yarışının təsnifatında 2-ci mərhələdə İspaniyanın "Tenerife" klubu ilə üz-üzə gəlib. İlk görüşdə qələbə qazanan Ayşən və rəfiqələri eyni uğuru təkrarlayıblar. Cavab qarşılaşmasında da rəqibini 3:0 (25:23, 25:19, 25:21) hesabı ilə məğlub edən "Vasas" ÇL-in əsas mərhələsinə vəsiqə qazanıb.

Komandasının mərhələ adladığı görüşdə millimizin və "Vasas"ın kapitanı Ayşən Abduləzimova 14 xal qazanmaqla qarşılaşmanın ən yaxşı oyunçusu olub. O, İspaniya təmsilçisini 9 dəfə hücumda, 4 dəfə blokda, 1 dəfə isə eyslə məyus edib. 

Qeyd edək ki, "Vasas" ÇL-da A qrupunda mübarizə aparacaq. Komandanın rəqibləri İtaliyanın "Imoco Conegliano", Fransanın "Mulhouse" və Polşanın "Developres Rzeszow" klubları olacaq. "Vasas" qrup mərhələsindəki ilk qarşılaşmasını dekabrın 7-də İtaliyada "Imoco Conegliano"ya qarşı keçirəcək.