Azərbaycanın qadın voleybolçulardan ibarət yığmasının üzvü Ayşən Abduləzimova Macarıstan çempionatının finalında növbəti oyununu keçirib. "Rekord.az" xəbər verir ki, blokçumuzun formasını geyindiyi "Vasas" çempionluq uğrunda "Bekescsaba" klubuna qarşı yarışır. 

Cütün ilk qarşılaşmasında voleybolçumuzun komandası 3:1 hesablı qələbəni bayram etmişdi. İkinci matç gərgin başlayıb. "Vasas" ilk setde geridə olsa da önə keçərək qalib gəlib. Növbəti hissəni çətinlik çəkmədən hesabına yazdıran komanda gərgin keçən sonrakı seti də qalib başa vurub. Beləliklə, Ayşən və rəfiqələri quru hesablı 3:0 (30:28, 25:14, 25:23) qələbə qazanmaqla ümumi hesabı 2:0 ediblər. 

Komandasının qələbə qazandığı oyunda millimizin və "Vasas"ın kapitanı 12 dəfə fərqlənib. Abduləzimova bu xallardan 6-nı hücumda, 6-nı isə blokda qazanıb. Voleybolçumuzun blokdakı göstəricisi qarşılaşmanın ən yaxşı nəticəsi olub.

Qeyd edək ki, bu komandaların növbəti oyunu mayın 6-da keçiriləcək. "Vasas" həmin görüşdə qalib gələcəyi təqdirdə Macarıstan çempionu olacaq. Əks halda növbəti matça ehtiyac yaranacaq.