Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvü Ayşən Abduləzimova Macarıstan çempionatının finalında ilk görüşünü keçirib. "Rekord.az" xəbər verir ki, blokçumuzun formasını geyindiyi "Vasas" bu mərhələdə "Bekescsaba" ilə üz-üzə gəlir.

Cütün ilk qarşılaşması voleybolçumuzun komandasının üstünlüyü ilə keçib. 4 set davam edən matçda Ayşən və rəfiqələri 3:1 (25:15, 25:22, 23:25, 25:15) hesablı qələbəni bayram ediblər.

Komandasının çempionluq yolunda ilk qələbəsini qazandığı oyunda millimizin və "Vasas"ın kapitanı 10 dəfə fərqlənib.

Qeyd edək ki, bu komandaların növbəti qarşılaşmaları mayın 2-də və 6-da baş tutacaq. Ümumilikdə üç qələbə qazanacaq tərəf qızıl medala sahib çıxacaq.