Qadın voleybolçular arasında Çempionlar Liqasının təsnifatında növbəti turun oyunları keçirilir. "Rekord.az" xəbər verir ki, Azərbaycan millisinin üzvü Ayşən Abduləzimovanın şərəfini qoruduğu Macarıstanın "Vasas" klubu seçmə mərhələdə 2-ci etapda ilk oyununa çıxıb. 

Bu etapda İspaniyanın "Tenerife" klubuna rəqib olan Macarıstan təmsilçisi azarkeşlərini yenə sevindirib. Səfərdə baş tutan ilk qarşılaşma "Vasas"ın üstünlüyü ilə keçib. Ayşən və rəfiqələri 3 set davam edən matçda quru hesablı qələbəni bayram ediblər - 3:0 (25:19, 25:13, 26:24).

Komandasının çətinlik çəkmədiyi görüşdə kapitanımız 11 xal qazanıb. Abduləzimova meydan sahiblərini 6 dəfə hücumda, 5 dəfə isə blokda məyus edib.

Qeyd edək ki, cütün cavab qarşılaşması noyabrın 9-da Macarıstanda baş tutacaq. Qalib gələcəyi təqdirdə "Vasas" ÇL-nın seçmə mərhələsində son etapa yüksələcək.