Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Ayşən Abduləzimova Çempionlar Liqasında növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, blokçumuzun formasını geyindiyi Macarıstanın "Vasas" klubu qrup mərhələsinin 3-cü turunda Bolqarıstanın "Maritza Plovdiv" kollektivi ilə üz-üzə gəlib. 

Budapeştdə baş tutan görüş kifayət qədər gərgin alınıb. Hər komanda 2 set qazandığı üçün tay-brekə ehtiyac yaranıb. Həlledici hissə də isə qonaqlar daha dəqiq oynayıblar. Beləliklə, 5 set davam edən matçda Ayşən və rəfiqələri 2:3 (25:22, 17:25, 18:25, 25:14, 8:15) hesabı ilə uduzublar. 

Komandasının bir xal qazandığı oyunda "Vasas"ın və yığmamızın kapitanı 11 dəfə fərqlənib. Abduləzimova bu xallardan 9-nu hücumda, 2-ni isə blokda qazanıb. Hücumda 56 faizlə oynayan voleybolçumuz komandasında ən yaxşı göstəriciyə imza atıb.