Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Ayşən Abduləzimova Macarıstan çempionatının finalında ilk oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, blokçumuzun şərəfini qoruduğu "Vasas Obuda"nın finaldakı rəqibi "Bekescsaba" klubudur. 

Cütün ilk qarşılaşması voleybolçumuzun komandasının üstünlüyü ilə keçib. Ayşən və rəfiqələri üç set davam edən matçda 3:0 (25:19, 25:19, 25:21) hesabı ilə qələbə qazanıblar. 

Yığmamızın və "Vasas Obuda"nın kapitanı bu görüşdə 12 xal qazanıb. Abduləzimova rəqibi  9 dəfə hücumda, 3 dəfə isə blokda məyus edib.

"Vasas Obuda" və "Bekescsaba" arasında növbəti final matçı aprelin 20-də baş tutacaq. Yekunda üç qələbə qazanacaq tərəf Macarıstan çempionu olacaq.

Qeyd edək ki, Ayşən Abduləzimova bundan əvvəl keçirilmiş yarımfinal qarşılaşmasının Ən dəyərli oyunçusu (MVP) seçilib.