Macarıstanda qadın voleybolçuların birinciliyində pley-off mərhələsi start götürüb. "Rekord.az" xəbər verir ki, Azərbaycan yığmasının üzvü Ayşən Abduləzimovanın şərəfini qoruduğu "Vasas"ın 1/4 finaldakı rəqibi "MTK Budapest" klubudur.

"Vasas"ın meydanında baş tutan cütün ilk oyunu gözlənildiyi kimi blokçumuzun komandasının üstünlüyü ilə keçib. 3 set davam edən matçda Ayşən və rəfiqələri quru hesablı qələbəyə seviniblər - 3:0 (25:13, 25:14, 25:21).

Komandasının çətinlik çəkmədiyi qarşılaşmada millimizin və "Vasas"ın kapitanı 12 xal qazanıb. Abduləzimova rəqibi 9 dəfə hücumda, 3 dəfə isə blokda məyus edib.

Qeyd edək ki, bu komandaların növbəti oyunları martın 27-də və 30-da keçiriləcək. 3 qələbə qazanacaq tərəf adını yarımfinala yazdıracaq. İlk görüşdə hec bir çətinlik çəkməyən "Vasas"ın növbəti iki oyunda da qalob gələcəyi ehtimal olunur.