Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Ayşən Abduləzimova Macarıstan çempionatının finalına yüksəlib. "Rekord.az" xəbər verir ki, blokçumuzun şərəfini qoruduğu "Vasas Obuda"nın yarımfinaldakı rəqibi "KNRC" klubudur. 

Bundan əvvəl oynanılan görüşlərdə ümumi hesab 2:1 olduğundan bu qarşılaşmada qələbə "Vasas Obuda"nı finala yüksəldəcəkdi. Voleybolçumuzun komandası bu tapşırığın öhdəsindən layiqincə gəlib. Ayşən və rəfiqələri çətinlik çəkmədən 3:0 (25:11, 25:18, 25:15) hesabı ilə qələbə qazanıblar. Beləliklə, "Vasas Obuda" ardıcıl 4-cü dəfə Macarıstan çempionatının finalına yüksəlib.

Yığmamızın və "Vasas Obuda"nın kapitanı bu görüşdə 10 dəfə fərqlənib. Abduləzimova bu xallardan 6-nı hücumda, 3-nü blokda, 1-ni isə eyslə qazanıb.

Qeyd edək ki, "Vasas Obuda"nın finaldakı rəqibi "Fatum" və "Bekescsaba" klublarndan biri olacaq. Bu komandaların mübarizəsində ümumi hesab 2:2-dir. Bu cütün taleyi 5-ci matçda bəlli olacaq.