
Kapitanımız Macarıstan çempionatının yarımfinalına yüksəlib
- 01 Mar 2025 21:05
- 33
Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvü Ayşən Abduləzimova Macarıstan çempionatının yarımfinalına yüksəlib. "Rekord.az" xəbər verir ki, təcrübəli blokçumuzun şərəfini qoruduğu "Vasas Obuda" pley-offda "Vasas SC" ilə qarşılaşıb.
Cütün əvvəlki iki oyununda quru hesablı qələbə qazanan voleybolçumuzun komandası bu dəfə də üstün tərəf olub. Ayşən və rəfiqələri üç set davam edən matçda rəqibi 3:0 (25:10, 25:23, 25:11) hesabı ilə məğlub ediblər.
Beləliklə, bu mərhələdə hər üç oyunda qalib gələn "Vasas Obuda" Macaristan çempionatının yarımfinalına yüksəlib.
Komandasının mərhələ adladığı bu görüşdə millimizin və "Vasas Obuda"nın kapitanı 8 dəfə fərqlənib. Abduləzimova bu xallardan 6-nı hücumda, 1-ni blokda, 1-ni isə eyslə qazanıb.