Kapitanımız Macarıstan klubunda qaldı
- 31 May 2022 10:59
- 532
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Ayşən Abduləzimovanın növbəti mövsüm çıxış edəcəyi komandanın adı bəlli olub. "Rekord.az" xəbər verir ki, təcrübəli blokçumuz karyerasını yenə Macarıstanda davam etdirəcək.
Kapitanımızın son mövsüm şərəfini qoruduğu "Vasas"la müqaviləsini yenilənib. Üç mövsüm bu komandanın formasını geyinən və çoxsaylı nailiyyətlər qazanan Ayşən 2022/23 illər mövsümündə də "Vasas"ın uğurları üçün çalışacaq.
Voleybolçumuz klubun rəsmi saytına açıqlama verib: "Mən bunu demişəm, yenə də deyirəm ki, "Vasas" bir hissəsi olmağı çox sevdiyim böyük bir ailədir. Ötən il burada çıxış etdiyim üçün, eləcə də müqaviləni uzatmaqdan xoşbəxtəm. Möhtəşəm mövsüm keçirdik, həm komandamızın oyunundan, həm də fantastik azarkeş dəstəyindən böyük zövq aldıq. Mən də öz növbəmdə Çempionlar Liqasına qayıtmağı səbirsizliklə gözləyirəm".
Qeyd edək ki, Abduləzimova son mövsümdə "Vasas"la ölkə çempionatının və kubokunun, eləcə də "MEVZA" kubokunun qalibi olub. Komandasının bu uğurlarında əsas pay sahiblərindən olan Ayşən Macarıstan birinciliyinin "Ən dəyərli oyunçu"su (MVP) seçilib.