Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin üzvü Ayşən Abduləzimova çıxış etdiyi Macarıstanda növbəti uğuruna imza atıb. "Rekord.az" xəbər verir ki, blokçumuzun formasını geyindiyini "Vasas" ölkə kubokunun qalibi olub. 

Final matçında "Vasas"ın rəqibi "Bekescsaba" klubu olub. İki güclü komandanın qarşıdurması gözlənildiyi kimi gərgin keçib. Növbə ilə hərəyə iki set qazanan kollektivlər görüşün taleyini tay-brekə daşıyıb. Həlledici hissə də əvvəlkilər kimi gərginkeçib. Uzatmalara kimi davam edən 5-ci setdə Ayşən və rəfiqələri 17:15 hesabı ilə qalib gəliblər. Beləliklə, qarşılaşmadan 3:2 (23:25, 25:14, 22:25, 25:19, 17:15) hesablı qələbə ilə ayrılan "Vasas" Macarıstan kubokuna sahib çıxıb. Bu, komandanın 15-ci tituludur.

Komandasının növbəti kubokunu qazandığı oyunda millimizin və "Vasas"ın kapitanı 14 dəfə fərqlənməklə qələbədə mühüm pay sahibi olub. Abduləzimova bu xallardan 8-ni hücumda, 5-ni blokda, 1-ni isə eyslə qazanıb.

Qeyd edək ki, "Vasas"ın ölkə çempionatındakı çıxışını da uğurla davam etdirir. Komanda əsas mərhələni lider kimi başa vurub.