Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvü Ayşən Abduləzimova Macarıstan çempionatında növbəti oyununu keçirib. "Rekord.az" xəbər verir ki, blokçumuzun formasını geyindiyi "Vasas" 6-cı turda "Bekescsaba" klubu ilə üz-üzə gəlib.

Bu qarşılaşma vahid liderin müəyyənləşdirilməsi baxımından mühüm idi. Belə ki, bu matça qədər eyni nəticə göstərən komandalar eyni xalla turnir cədvəlində ilk iki pilləni bölüşürdülər. Doğma meydanda keçirilən mühüm oyunda "Vasas" azarkeşlərini sevindirə bilib. Gərginliyi ilə yadda qalan görüşdə Ayşən və rəfiqələri 3:2 (25:17, 20:25, 23:25, 25:18, 15:9) hesabı ilə qələbə qazanıblar. Bununla da, voleybolçumuzun komandası xallarını 17-ə çatdıraraq vahid liderliyi ələ alıb. "Vasas" bu günədək keçirdiyi bütün görüşlərdə qələbə qazanan yeganə komandadır.

Komandasının vacib qələbə qazandığı oyunda millimizin və "Vasas"ın kapitanı 14 dəfə fərqlənib. Abduləzimova bu xallardan 9-nu hücumda, 4-nü blokda, 1-ni isə eyslə qazanıb. 

Onu da vurğulayaq ki, təcrübəli blokçumuz hücumda 75 faiz mükəmməlliklə oynayıb. Bu, qarşılaşmanın hücum üzrə ən yüksək göstəricidir.