Qadın voleybolçular arasında Çempionlar Liqasında növbəti oyunlar keçirilib. "Rekord.az" xəbər verir ki, Azərbaycan millisinin üzvü Ayşən Abduləzimovanın formasını geyindiyi Macarıstanın "Vasas" klubu 5-ci turda İtaliyanın "Conegliano" kollektivi ilə üz-üzə gəlib.

Budapeştdə baş tutan görüş blokçumuzun komandası üçün uğursuz başlayıb və meydan sahibi hesabda geri düşüb. Bundan sonra Ayşən və rəfiqələri ümumi hesabı bərabərləşdirə biliblər. Lakin bu, "Vasas"ın hazırda dünyanın ən güclü komandası hesab olunan "Conegliano"nu məğlub etdiyi yeganə hissə olub. 4 set davam edən matçda Macarıstan təmsilçisi 1:3 (17:25, 25:22, 21:25, 18:25) hesabı ilə uduzub.

Komandasının xalsız məğlub olduğu görüşdə millimizin və "Vasas"ı kapitanı 5 dəfə fərqlənib. Abduləzimova bu xallardan 4-nü hücumda, 1-ni isə eyslə qazanıb.

Qeyd edək ki, "Vasas" məğlub olsa da avrokubok yoluna davam etmək şansını qoruyur. Belə ki, komanda son turda 3 xallı qələbə qazanacağı təqdirdə "CEV Cup"da mübarizə aparmaq imkanı əldə edəcək. Fevralın 8-də səfərdə baş tutacaq həmin oyunda "Vasas"ın rəqibi Fransanın "Mulhouse" kollektivi olacaq.