Voleybolçu qadınlardan ibarət Azərbaycan millisinin üzvü Ayşən Abduləzimova Macarıstan kubokunda mübarizəyə başlayıb. "Rekord.az" xəbər verir ki, blokçumuzun formasını geyindiyi "Vasas" kubok uğrunda ilk qarşılaşmasında "TRSE" klubunu sınağa çəkib. 

Rəqib meydanında baş tutan görüş "Vasas"ın tam üstünlüyü ilə keçib. 3 hissə davam edən matçda meydan sahiblərinə şans verməyən voleybolçumuzun komandası quru hesablı qələbəni bayram edib - 3:0 (25:14, 25:8, 25:8). 

Komandasının çətinlik çəkmədiyi oyunda millimizin və "Vasas"ın kapitanı meydana çıxmayıb. Belə ki, bu görüşdə "Vasas"ın əsas oyunçularına istirahət verilib və onlar qarşılaşmanı əvəzedicilər skamyasından izləyiblər. 

Qeyd edək ki, bu qələbə ilə "Vasas" 1/4 finala yüksəlib. Bu mərhələdə kapitanımızın komandasının rəqibi "MTK" klubu olacaq.