
Kapitanımızın komandası yarımfinalda növbəti qələbəni qazanıb
- 01 Apr 2025 10:21
- 82
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Ayşən Abduləzimova Macarıstan çempionatının yarımfinalında növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, blokçumuzun şərəfini qoruduğu "Vasas Obuda"nın bu mərhələdəki rəqibi "KNRC" klubudur.
Cütün ilk iki oyununda tərəflər hərəyə bir qələbə qazandığından ümumi hesab bərabərləşmişdi. Ötən oyunda gözlənilmədən uduzan voleybolçumuzun komandası bu matça daha yaxşı başlayıb. Təşəbbüsü sonadək qoruyan Ayşən və rəfiqələri çətinlik çəkmədən qələbə qazanıblar - 3:0 (25:11, 25:18, 25:15).
Ümumi hesabı 2:1 edən "Vasas Obuda" növbəti matça aprelin 5-də çıxacaq. Komanda bu görüşdə qələbə qazanacağı təqdirdə finala yüksələcək.
Qeyd edək ki, yığmamızın və "Vasas Obuda"nın kapitanı bu görüşdə 10 dəfə fərqlənib. Abduləzimova bu xallardan 7-ni hücumda, 3-nü isə blokda qazanıb. Voleybolçumuz hücumda 70 faizlə oynayıb ki, bu da qarşılaşmanın ən yaxşı göstəricisidir.