Kəlbəcərli dünya çempionu: "Ayağım donmuşdu, valideynlərim meşədə bıçaq tapıb...”
- 16 Noy 2020 11:00
- 959
“Mən Kəlbəcərin Ağdaban kəndində anadan olmuşam. 5 yaş 5 aylığıma kimi orada yaşamışam.
Bu gün Kəlbəcər yenə də bizdədir. Sevincimizin həddi-hüdüdu yoxdur. İnanırdıq ki, bir gün yenidən o torpaqlara qayıdacaqıq.
Kəlbəcər Azərbaycan üçün çox əhəmiyyətli, yeraltı və yerüstü sərvətləri olan bir rayondur. Ağdaban kəndində yerin altından turş su çıxırdı, havası, suyu, dağları bir tamaşa idi.
Kəndimiz şairlər, aşıqlar yurdu idi. Qayıdışın mübarək, Kəlbəcər! Təbii ki, bu sevinci bizə yaşadan cənab prezidentimiz və əsgərlərimiz oldu. Vətən uğrunda canlarını qurban verən şəhidlərimizin qarşısında baş əyirəm”
Rekord.az xəbər verir ki, bu sözləri moderator.az-a Kung-Fu idman növü üzrə 4 qat dünya çempionu Ellər Orucov bildirib. Üstündən uzun illər keçməsinə baxmayaraq o hələ də ağrılı-acılı günləri unutmur.
“ Hər şeyi xatırlayıram. Kəndimizi səhər tezdən mühasirəyə almışdılar. Evin qabağ hissəsində divara söykənmişdik, arxa hissəsinə güllə atırdılar.
Birtəhər özümüzü qoruyub, qaçıb gəldik Bağırlı kəndinə. Çünki ya qaçmalı, ya da ölməli idin. Ayağım soyuqdan donmuşdu. Valideynlərim meşədə çətinliklə də olsa bıçaq tapıb çəkmələrimi kəsib, ayağımdan çıxardılar.
Ayaqlarımı şaxta vurmuşdu, hiss etmirdim. Əskiyə bükdülər. Evdən çıxarkən təkcə sənədlərimizi götürmüşdük. Onu da tam götürə bilməmişdik, mənim şəhadətnaməm yanmışdı.
Müharibə bizim ailəmiz üçün də itkisiz ötüşmədi. Birinci Qarabağ müharibəsində, Ağdərədə gedən döyüşlərdə dayım şəhid oldu.
Babam isə öz kəndimiz uğrunda döyüşürdü, çox güclü döyüşçü idi. Ermənilər onun başına pul qoymuşdular. Kənddən çıxarkən Aşıq Şəmşirin abidəsinin yanında vurmuşdular onu” deyə dünya çempionu bildirib.
O həmçinin mənfur düşmənin Kəlbəcərdən çıxarkən oranı talan etmələrinə də münasibət bildirib. “Biz görün necə mundar düşmənlə mübarizə aparırıq.
Dəyişən sadəcə illərdir, onların mundar niyyətləri, terrorçu xisləti dəyişməyib. O vaxt körpələrimizi qundaqda yandıran düşmən bu gün Kəlbəcərdən çıxarkən oranı talan etdi.
Biz zaman-zaman bütün bu həqiqətləri dünya arenalarına çıxardacaqıq. Hər kəs öz sahəsində bu reallıqları insanlara çatdırmalıdır. Biz də hər zaman Azərbaycanı təmsil etdiyimiz ölkələrdə onların necə bir məxluq olduqlarını təbliğ etmişik
. Bundan sonra bizim idmanda qazandığımız qələbələr də fərqli olacaq. Çünki qalibiyyətimizin üstündə həm də ölkə olaraq hər zaman qalib olduğumuzu qeyd edəcəyik” deyə Ellər Orucov bildirib.