"Kəpəz"dən açıqlama: avtobusları biz yox, tikinti şirkəti buraxmır
- 22 Okt 2024 12:00
- 236
AFFA-nın aşağı yaş qrupları arasında Gəncə stadionunda keçirdiyi yarışlar zamanı yaşanan ciddi problemlər haqda saytımızda xəbər getmişdi. Xəbərdə qeyd olunan məqamlardan biri də oyuna gələn komandaların avtobusla bazaya buraxılmamasıdır. Belə olan halda azyaşlı futbolçular avtobusda formalarını dəyişmək imkanından məhrum olurdu. Stadionda isə futbolçular üçün cəmi 1 dəmir vaqon ayırılıb ki, bu da 4 komandanın eyni anda bu dəmir vaqonda formalarını dəyişməsi anlamına gəlir. Təbii ki, bütün bunlar da haqlı narazılıqlar yaradırdı. Saytımızla əlaqə saxlayan məşqçilər də buna görə bildirirdilər ki, ən azı avtobuslar bazaya buraxılsa, hər komanda heç olmasa öz avtobusunda paltarını dəyişə bilər. İddialara görə, komandalara bu qadağanı qoyan "Kəpəz" Futbol Akademiyasının rəhbərliyidir.
Xəbər saytımızda gedəndən sonra bizimlə əlaqə saxlayan "Kəpəz"in mətbuat xidmətinin rəhbəri Azad Mustafayev məsələyə rəsmi münasibət bildirmək istədiyini bildirdi. Təbii ki, biz də obyektivliyi qorumaq üçün ona tribuna verdik. Mustafayev Rekord.az-a açıqlamasında bunları dedi: "Bu məsələdə bizim adımızın hallanması düzgün deyil. Bilirsiniz ki, hazırda Gəncədə yeni stadionun tikintisi gedir. Avtobusların stadion ərazisinə daxil olmasını da tikintini aparan şirkət qadaöan edib. Yəni avtobusları biz yox, tikinti şirkəti buraxmır. Səbəb də təhlükəsizlik qaydaları ilə bağlıdır. Çünki dediyim kimi, ərazidə tikinti gedir. Biz avtobusları buraxaq, sonra da kiminsə başına daş düşsün, dəmir düşsün, buna görə kim məsuliyyət daşıyacaq? Ona görə də şirkər avtobusların əraziyə buraxılmasını istəmir və biz də təbii olaraq, bu təlimata əmək etməliyik".