Dünyanı cənginə alan koronavirus pandemiyasına görə bir müddətdir ki, bütün idman yarışları, o cümlədən futbol çempionatları dayanıb.

Rekord.az xəbər verir ki, Birinci Divizionda yarış martın 13-də 19-cu turun oyunlarından sonra rəsmən təxirə salınıb.

Matçların keçirilməməsi və mövcüd durum məşqlərə də ara verilməsini labüd edib. “Kəpəz”in əsas komandası artıq 2 həftəyə yaxındır ki, hazırlıq keçmir. Lap dəqiq desək, 13 gündü ki, futbolçular məşq etmirlər. Komanda üzvləri sonuncu hazırlıq prosesinə martın 14-də çıxaraq bundan sonra qeyri-müəyyən vaxta qədər evə buraxılıblar.

Geridə qalan dövrdə məşqçilər korpusu və futbolçular bir yerə yığışmasa da, sonunculara fiziki formanı qorumaq üçün müəyyən tapşırıqlar verilib. Bunu klubun mətbuat xidmətinə açıqlamasında baş məşqçi Yaşar Vahabzadə deyib. Onun sözlərinə görə, sonuncu məşqdən sonra oyunçularla fərdi halda hazırlaşmaları və daha çox nəyə diqqət yetirməli olduqları barədə danışılıb. Bundan əlavə, çalışdırıcı futbolçuların vəziyyətini daim diqqətdə saxlayaraq durumu öyrənmək məqsədilə tez-tez kapitan və digər oyunçulara əlaqə qurur.

Karantin rejiminə əməl edən oyunçular ev şəraitində fərdi qaydada müəyyən fiziki hərəkətləri yerinə yetirməklə hazırlaşırlar.