“Kəpəz”lə “Turan” gələcək, dərdlər bitəcək?!
- 18 Dek 2019 13:05
- 2282
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin “İTV”-də yayınlanan “Bol idman” verlişində dediyi fikirlərdən sonra ölkə futbolunda əsl toy-bayram yaşanır. Sağ olsun, cənab Musayev gündəmi əməlli-başlı dəyişməyi bacarıb. Qayğılarımızı-dərdlərimizi unutmuşuq. Sanki Azərbaycan futbolunda bütün problemlər həll olunub.
Artıq milli komandamız axtardığı baş məşqçisinə qovuşub, həmin mütəxəssis də millini Millətlər Liqası vasitəsiylə Avro-2024-ə çıxarmağa söz verib. Onu da deyib ki, Azərbaycan Qatarda keçiriləcək dünya çempionatına qatılmaq uğrunda sona qədər mübarizə aparacaq. Bəxt üzümüzə gülsə, hakimlər qolumuzu sayıb, penaltilərimizi versə, Qatara da bilet sifariş verə bilərik. Uşaq futbolunda da problem qalmayıb, artıq hər bölgədə akademiyalar açılışa hazırlanıb, internat tipli ixtisaslaşmış idman məktəbləri tikilib. Yeni dərs ilinə qədər istedadlı uşaqları seçəcəklər, onların qidalanmasını təmin edib, təhsil alması üçün lazım olan tədbirləri görəcəklər. Uşaqlar peşəkarların nəzarətində yetişdiriləcək, gələcəkdə millimizə futbolçu tapmaq üçün Ukraynaya, Dağıstana, Almaniyaya elçilər göndərməyəcəyik. Riad Rəfiyev də bu əzabdan qurtulacaq, enerjisini ancaq “Sumqayıt”ın problemlərini həll etmək üçün xərcləyəcək...
Baho, lap yuxu görən adamlar kimi danışdım ki. Bəli, Ramin Musayevin əlindən “sehrli çubuq” olsaydı, onu fırladar və bizim bütün bu arzularımızı həyata keçirər, futbolumuzu bataqlıqdan xilas edərdi. “Turan”la “Kəpəz”i də qısa müddətdə elitaya hazırlayar, birinci divizionda rəqib tanımayan bölgə təmsilçiləri gələn mövsümdən Premyer Liqada mübarizə aparmağa başlayardılar. Ondan sonra da çempionatımız boş tribunalar önündə keçirilmək, futbolçular ölü sükutda oynamaq əzabından xilas olardılar. Bakıda yeyib-yatan legionerlər “deplasman” görərdilər, sıravi azərbaycanlıların futbolu necə sevdiyinə şahid olardılar. Amma biz çox yaxşı bilirik ki, Musayevin “sehrli çubuğu” yoxdu. Ramin bəy heç “Kəpəz”lə “Turan”ı elitaya gətirmək üçün səlahiyyətə də sahib deyil. “İplərin” kimin əlində olduğunu çox yaxşı bilirik. Yuxudan ayılaq və görək ki, əsl vəziyyət necədi.
“Kəpəz”lə “Turan” (adına Tovuzu da pərçim ediblər ki, köhnə borcları yaddan çıxarsınlar) problemlər məngənəsindədi. Elə bütün Azərbaycan futbolunda olduğu kimi. Tovuz komandasının “danışılmış oyunlar”da iştirak edən üzvlərini bu yaxınlarda futboldan qovublar. Hələ “təmizlənmə”nin tam başa çatıb-çatmadığını da bilmirik. Akademiya adıyla tikilməyə başlayan binanın nə vaxt hazır olacağı bilinmir. “Kəpəz”in məşq etməyə doğru-düzgün meydançası yoxdu. Gəncə stadionu qəzalı vəziyyətdədi, futbola baxmağa gedən azarkeşlər tualet tapa bilmirlər. Bütün bunlar hələ problemlərin bir qismidi. Çox ətraflı yazıb, mətləbdən uzaq düşməyim.
Yaxın keçmişdə “Turan”ı da elitada görmüşük, “Kəpəz”i də. “Kəpəz”dəki yeyintilər “sirli qutu”ya salınıb, sabiq klub rəsmisi Cabir İbrahimovun fəryadını dinləməyə adam tapılmır. Guya, AFFA-nın nəzarətində olan “Kəpəz” yenidən elitaya çıxarılsa, rəhmətlik Kostya dayının sağlığında olduğu kimi, gəncəli cocuqları yetişdirməyə başlayacaqlar? Sadəlöhv olmayın, dostlar. Özünümüzü niyə aldadırıq?