Turun mərkəzi oyununa getməyi həftənin əvvəlindən planlaşdırmışdım. "Keşlə" bu mövsüm yaxşı mənada təəccübləndirir, "Neftçi" də son vaxtlar yüksəlişdədir və "Qarabağ"a "diş" göstərmək baxımından bu oyundan da 3 xalla ayrılması vacib idi. Eyni vaciblik qarşı tərəf üçün də keçərli idi. Çünki qələbə onları 2-ci pilləyə çıxardacaqdı. Məlum olduğu kimi, "ASK Arena"nın süni örtüyü dəyişdirildiyi üçün "Keşlə" ev oyunlarını Bayılda keçirməyə məcbur olub. Stadiona çatanda matçın startına 20-25 dəqiqə qalmışdı. Elə bu fürsətdən istifadə edib "Keşlə" rəsmisi Səbuhi Məmmədovla da ayaqüstü bir az söhbətləşdik.

 

Bu arada, bəzi həmkarlarımın (AFFA meylli) baxışlarında və hərəkətlərindəki kini, soyuqluğu da hiss etdim. Sanki əl verib görüşəndə tez əllərini çəkirdilər ki, birdən kimsə görər. Ola bilsin həmin həmkarlarım AFFA-ya qarşı mövqeyimi, mübarizəmi həm də özlərinə qarşı hesab edir. Hərgah ki, mən belə düşünmürəm. Əgər onlar elə düşünürlərsə, olsun. Amma heç vaxt unutmayaq ki, bu günün sabahı da var. O sabah bir az gec açıla bilər, amma mütləq açılacaq. Bu arada eyni münasibəti sanki Anar Salmanovda da gördüm. Bir vaxtlar məni görəndə az qala boynumu qucaqlayan, "adaş, halaldı sənə, həmişə düzünü danışırsan" deyən ədalət təmsilçisi, bu dəfə yanımdan düz keçmək istəyirdi. Görünür Babək Quliyevlə görüşdüyüm görüb məcbur əl uzatmalı oldu. Amma az öncə haqqlarında bəhs etdiyim həmkarlarımın sifətindəki kin dolu baxışları elə bil Salmanovda da gördüm. Görünür, əvvəllər hakim səhvlərindən danışanda, hakimlikdəki nöqsanları tənqid edəndə adaşıma xoş gəlirdi. Hər necə olsa qabırğasına döşənən Xaqani Məmmədov idi. Amma indi tənqidlərin bir qolu da Salmanova çatdığından, xoş gəlmir və münasibət dəyişir. Buna da olsun deyib, keçirəm oyuna.

 

Açığı matçın favoriti "Neftçi" sayıldığından, mən də oyun üstünlüyünün onlarda olacağını düşünürdüm. Lakin ilk dəqiqələr bizə fərqli mənzərə yaşatdı. "Keşlə" daha istəkli, daha motivasiyalı oynayırdı. Həm də meydançada daha hərəkətli idilər. Xüsusilə Meza Kollini qeyd edərdim. Paraqvaylı futbolçu dünən "Neftçi"nin qorxulu röyasına çevrilmişdi. Düzdür, bəzi epizodlarda fərdi oyuna üstünlük verirdi ki, bu da hətta fəxri lojada oturan klub rəhbəri Zaur Axundovu da özündən çıxardırdı. Haşiyəyə çıxaraq deyim ki, Axundov da yenə öz ampluasında idi. Oyun boyu sakit dayanmayan klub bossu, futbolçularına gah acıqlanırdı, gah göstəriş verirdi gah da ruhlandırırdı. Bəzi hallarda acıqlanmaq "18+" formatına da keçirdi. Axundov hətta meydançada mübahisənin düşdüyü epizodda rəqibin məşqçisi Füzuli Məmmədovun üstünə qışqırmağı da özünə rəva gördü. Halbuki o, klub rəhbəri kimi təmkinli olmalı, futbolçular və məşqçilər arasındakı mübahisəyə "razborka" prizmasından yanaşmamalı idi.

 

Qayıdaq oyuna.

 

Meza Kollidən başqa Tural Bayramlının da orta xətdəki oyununu qeyd etmək lazımdır. 1-2 epizodda top itirsə də, ümumilikdə orta xətdə çox faydalı oldu. Eyni zamanda Cabir Əmirli və Vüsal İsgəndərli də yaxşı mənada özünü göstərdi. Müdafiədə isə Floreslə Boyoviç hava toplarında lider idi. 

 


"Neftçi" isə əksinə, çox zəif təsir bağışladı. İlk hissədə meydançada yox kimi idilər. Baxmayaraq ki, hesabı açan tərəf oldular, amma həmin qola qədər "Keşlə"nin 3 ciddi hücumu olmuş, bir epizodda hətta qapı dirəyi "ağ-qaralar"ın dadına çatmışdı. 
İlk hissəni "Neftçi" üstün tamamlasa da, fasilədən sonra "Keşlə" layiqli oyunu ilə 2 qol vurub haqq etdiyi qələbəni qazandı. Təbii ki, həm bu qələbədə, həm də komandanın cari mövsüm ortaya qoyduğu oyunda baş məşqçi Tərlan Əhmədovun danılmaz əməyi var. Adam sanki keçən mövsümkü "Keşlə"ni söküb yenidən yığıb.

 


Bordinə gəlincə, komandasının zəif oyunu bir yana, italiyalının əvəzləmələri də anlaşılmaz qaldı. Hamı görürdü ki, "Keşlə" həm sürətdə, həm də texnikalı, çevik oyunda "Neftçi"ni üstələyir. Buna qarşı eyni tərzdə oynayan futbolçuları "döyüş"ə atmaq lazımdır ki, oyunu öz xeyrinə dəyişə biləsən. Bordin isə sürətli Rəhmanı meydançadan çıxarıb, taran tipli Rauf Əliyevi oyuna buraxdı. Mbodjun belə bir oyunda meydançada nə işi var idi, onu da anlamaq olmur. Özü də 90+1-ci dəqiqədə. Bu cür oyunda Namiq Ələskərov kimi futbolçuya ehtiyac var idi ki, Bordin ona da şans vermədi. Bunun nəticəsi idi ki, hesabı bərabərləşdirmək bir yana, son dəqiqələrdə "Neftçi" 3-cü qolu da qapısında görə bilərdi.


Matçdan sonra italiyalı məşqçi hələ də çempionluq şanslarının itmədiyini və sona qədər mübarizə aparacaqlarını bildirdi. Amma mənə görə, "Qarabağ" bu gün "Zirə"ni məğlub etsə çempionluq məsələsi də bitmiş olacaq.

 

Anar XANLAROV