Keysuke Honda “Neftçi”yə neçəyə başa gəldi: 1 milyon manat? (MÜQAVİLƏNİN FOTOSU) EKSKLÜZİV
- 19 May 2021 16:40
- 2066
Dünya səviyyəli ulduz Keysuke Hondanın “Neftçi”yə gəlişi yetərincə gözlənilməz olmuşdu. Yaponiyalı yarımmüdafiəçi ötən ilin dekabrda “Botafoqo”dan ayrılmış, “”Portimonense” ilə anlaşmışdı. Ancaq sənəndləşmə problemi üzündən Portuqaliya çempionatında debüt edə bilməyən futbolçu, özünə yeni klub axtarmağa başladı. Bu məqamda “Neftçi”nin ortaya çıxması maraqlı məqam idi. Anlaşma əldə olundu, gerisindən hamınızın xəbəri var. Honda bu gün Azərbaycan çempionatında qızıl medalların taleyini həll edən matçda meydana çıxacaq.
Gəldiyi gündən yaponiyalı futbolçunun “Neftçi”yə neçəyə başa gəldiyi haqda çoxsaylı müzakirələr oldu, müxtəlif xəbərlər yazıldı. “Rekord.az” olaraq bu məsələyə son dəfə diqqət yetirmək və tərəflər arasındakı müqavilənin əsl müddəalarını ortaya çıxarmaq qərarına gəldik. Buyurun, ilk öncə aşağıdakı fotoya baxın:
Bu, Keysuke Hondanın məxsus olduğu “Heroe Football Management”in icraçı direktoru (həm də futbolçunun qardaşı) Hiroyuki Honda ilə “Neftçi” Peşəkar Futbol Klubu arasında razılaşma sənədidi. Bu, rəsmi müqaviləyə son düzəliş – “Neftçi”nin təkliflərinə əsasən tərtib olunan son sənəddir. Honda məhz bu şərtlərin əksini tapdığı rəsmi müqaviləyə imza atıb. Sənəd 4 fevral 2021-ci il tarixində imzalanıb, 30 iyun 2021-ci il tarixinə qədər qüvvədədi.
Bəndlərə ayrı-ayrılıqda baxaq.
1-ci bənddə qeyd olunur ki, müqavilə 1 (bir) il artırıla bilər.
2-ci bənddə uzadılma hüququnun bilavasitə “Neftçi”yə məxsus olması və bunun üçün klubun bir həftə vaxtı olduğu – 7 iyul tarixinə qədər müvafiq təkliflə çıxış edə biləcəyi yazılıb.
3-cü bənddə Hondanın bu müddətdə qazanacağı məbləğ qeyd olunub. Razılaşmaya əsasən, futbolçu 400 min avro (təxminən 810 min manat) əldə edəcək. Məvacibin konkret müddəaları ayrı bir protokolda yazılacaq və müqaviləyə əlavə olunacaq.
4-cü bənd bonuslara həsr edilib. Belə ki, bonuslar və əlavə bonusların futbolçunun məvacibinə aid edilmədiyi və bunun da ayrı bir protokolda yazılması da razılaşdırılıb. Yəni Honda çıxışında əldə etdiyi uğurlara müvafiq olaraq əlavə gəlir də əldə edəcək.
5-ci bənd sponsor müqavilələrinə aidir. Burada qeyd olunur ki, Honda “Neftçi”yə məxsus olduğu müddətdə bütün sponsor anlaşmalarından gəlirlərini klubla yarıbayarı prinsipiylə bölüşəcək.
Mənbə məhz bu bəndlə bağlı əlavə onu qeyd edir ki, danışıq əsasən “Nike” şirkəti ilə bağlı olub. Honda tərəfi yaxınlarda bu şirkətlə sponsorluq müqaviləsi imzalayacağını bildirib, qarşı tərəf də bunu yaxşı fürsət bilərək həlledici məqam kimi qəbul edib. “Neftçi” ciddi rəqəmlərlə bağlanacaq bu anlaşmadan (reklam haqqlarından gələn pullar və s.) 50 faizə qədər gəlir əldə etmək niyyətində olub (üstəlik, inventarda 50 faiz endirim). Amma görünən odu ki, yaponiyalı “tam doğru danışmayıb”. Çünki Honda şəxsi olaraq hələ də “Adidas”la əməkdaşlıq edir.
Anlaşmanın 3-cü bəndindəki məvacibin yeni müqavilə imzalanacağı, daha doğrusu, hazırkı müqavilə uzadılacağı təqdirdə, düz 2 dəfə artırılması nəzərdə tutulub. Yəni “Neftçi” növbəti mövsümdə də Keysuke Hondanın xidmətlərində maraqlı olarsa, bir il üçün 800 min avro (təxminən 1,7 milyon manat) +bonuslardan keçməli olacaq. Ciddi rəqəmlərdi.
Kənan Məstəliyev
* * *
Qeyd: Razılaşmanın son – 6,7 və 8-ci bəndləri şəxsi (ailə) məsələlərini ehtiva etdiyi üçün təqdim edilməyib.