Kikboksinq komandamız Avropa Oyunlarına yollandı
- 27 İyn 2023 16:21
- 267
Polşada keçirilən 3-cü Avropa Oyunlarında yarışmaq üçün Azərbaycan kikboksinq komandası sözügedən ölkəyə gedib.
Rekord.az xəbər verir ki, komandamız orada kikboksinqin "Full contact" növündə təmsil olunacaq.
63,5 kq çəki dərəcəsində Fərid Ağamoğlanov və 86 kq çəki dərəcəsində Elşad Şahbazov yarışda iştirak edəcək.
Bu gün səhər idmançılar, millinin baş məşqçisi Elşən Abdulrəhimov, Azərbaycan Kikboksinq Federasiyasının baş katibi İlkin Məsimzadə, Fərid Ağamoğlanovun şəxsi müəllimi Eduard Məmmədov və Elşad Şahbazovun şəxsi müəllimi Fuad Zeynalov Polşaya yola düşüb.
Yola düşməzdən əvvəl Elşən Abdulrəhimov yarışa hazırlıqla bağlı açıqlama verib: "Fərid Avropa Oyunlarınadək mayda Türkiyədə keçirilmiş Dünya Kubokunda qalib gəlib. Elşad isə bir neçə peşəkar döyüşdə iştirak edib. Bildiyiniz kimi, kikboksinq ilk dəfə Avropa Oyunlarının proqramına salınıb. Ona görə də istəyirik ki, Polşadan qızıl medalla qayıdıb idman ictimaiyyətini sevindirək.
Son günlərdə idmançılarla taktiki-texniki hazırlıq üzərində çalışmışıq. Bu yarışın önəmli olduğunu federasiya rəhbərliyi də bizə bildirib. Federasiya prezidenti Orxan Əliyevin tapşırığı ilə idmançılar daim həkim nəzarətində olub, vitaminlərlə təmin ediliblər".
Qeyd edək ki, 29 iyunda püşk atılacaq. Hər çəkidə 8 idmançı olduğundan, yarışlar 1/4 finaldan başlayacaq. 30 iyunda saat 12:00-da Fərid Ağamoğlanov və 17:00-da Elşad Şahbazov rinqə çıxacaq. Oyunlar "Mışlenitse Arena"da keçiriləcək.